CƏMİYYƏT


Övladlığa götürmədə valideyndən çox övladlığa götürülən uşağın istəyi nəzərə alınacaq

Bakı, 22 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanından sonra övladlığagötürmə sahəsində valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi, uçotunun aparılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı bir sıra funksiya və səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə verilib. İndiyədək valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların, eyni zamanda onları övladlığa götürmək arzusunda olan şəxslərin uçotu, həmçinin övladlığagötürmə ilə bağlı digər məsələlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həyata keçirilirdi. Eyni zamanda, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürməsi ilə bağlı səlahiyyətlər də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində idi. Artıq Fərmana uyğun olaraq 2019-cu il iyunun 1-dən həmin məsələlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bu barədə AZƏRTAC-a məlumat verən nazirliyin şöbə müdiri Sabir Qocayev deyib: “Fərmanla verilmiş tapşırıqların icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış xüsusi işçi qrup ilə bir sıra qeyri-hökumət təşkilatları, eləcə də, övladlığagötürmə prosesi və valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı proseslərdə iştirak edən dövlət qurumları, UNICEF-lə məsləhətləşmələr aparılıb, eyni zamanda mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə beynəlxalq konsaltinq şirkəti “McKinsey Company” ilə əməkdaşlıq edilib.

Öyrənilmiş beynəlxalq təcrübə əsasında nazirlik tərəfindən övladlığagötürmə sahəsində tam yeni yanaşma əsasında mütərəqqi model işlənilib hazırlanıb. Yeni yanaşmanın əsas özəlliyi valideynin istəyinə görə uşağın seçilməsi yox, uşaqların ehtiyac və maraqlarına görə valideynin seçilməsi, övladlığagötürmə prosesində uşaqların razılığı və istəklərinə daha çox əhəmiyyət verilməsi, övladlığa götürmənin stimullaşdırılması üçün dəstəkləyici tədbirlərin tətbiq edilməsi, övladlığa götürülən uşaqların sınaq müddətində övladlığa götürən şəxslərin evində yerləşdirilməsi, övladlığa götürülən uşaqların monitorinq və nəzarətdə saxlanılması, bu sahədə olan uçot və hesabatlılığın təkmilləşdirilməsi ilə bağlıdır”.

Şöbə müdirinin verdiyi məlumata görə, həmin yeniliklərin tətbiqi ilə əlaqədar nazirlik tərəfindən yeni qanunvericilik aktları, o cümlədən mövcud qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb: “Aparılan islahatların ən vacib komponentlərindən biri də övladlığagötürmə sahəsində vahid elektron uçotu və elektron xidmətlərin göstərilməsini özündə əks etdirən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılması ilə bağlıdır. Bu altsistem valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların, eyni zamanda onları övladlığa götürmək arzusunda olan şəxslərin vahid elektron uçotunu aparmağa, övladlığagötürmə ilə bağlı müraciətlərin və digər xidmətlərin elektronlaşdırılmasına imkan verəcək”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.