REGİONLAR


Oxucuların kitabxanalara cəlb olunması üçün sosial şəbəkələrdən fəal istifadə edilməlidir VİDEO

Xaçmaz, 6 noyabr, Elxan Yusifli, AZƏRTAC

Dəyişən şəraitdə ənənəvi kitabxana xidmətlərindən istifadə edən insanların sayı get-gedə azalmaqdadır. Müasir dövrümüzdə kitabxanalar marağı qoruyub saxlamaq üçün yeniliklər, innovasiyalar tətbiq etməklə oxuculara elə xidmətlər təklif etməlidirlər ki, onlara indi və yaxın perspektivdə tələbat olsun. Oxucuların kitabxanalara cəlb olunmasında sosial şəbəkələrdən fəal istifadə edilməlidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə noyabrın 6-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illiyi münasibətilə Xaçmazda rayon ictimaiyyəti nümayəndələri və ziyalıların iştirakı ilə keçirilən yubiley tədbirində bildirilib.

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan tədbirdə kitabxananın direktoru Oruc Quliyev çıxış edərək Azərbaycanda kitabxana işinin inkişafından, Prezident İlham Əliyevin bütövlükdə mədəniyyətə və mədəni dəyərlərimizə diqqət və qayğısından danışıb. Bildirilib ki, 1928-ci ildən fəaliyyətə başlayan Respublika Gənclər Kitabxanası yarandığı ilk illərdə az miqdarda kitab fondundan və cəmi bir xidmət şöbəsindən ibarət olub. 1937-ci ildə kitabxanaya müasir Azərbaycan dramaturgiyasının banilərindən biri olan Cəfər Cabbarlının adı verilib. 1976-cı ildə mədəniyyət ocağı gənclər kitabxanası statusu alıb.

Diqqətə çatdırılıb ki, Respublika Gənclər Kitabxanası müstəqillik illərində Azərbaycan mədəniyyətinin inkişafı və mədəni sərvətləri mühafizə edərək gələcək nəsillərə çatdırılması, bir çox dünya kitabxanaları ilə əlaqələrin genişləndirilməsi və onların iş təcrübələrinin öyrənilməsi istiqamətində daim iş aparır.

Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Bakı Dövlət Universitetinin kitabxana-informasiya fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımi və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, vətəndaşlarımızın keyfiyyətli kitabxana-biblioqrafiya və informasiya xidməti ilə təmin olunmasında Respublika Gənclər Kitabxanasının rolundan söz açıblar.

Qeyd edək ki, Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasında 15 minə yaxın fəal oxucu qeydiyyatdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.