CƏMİYYƏT


“Öyrən, inan, faydalan” layihəsinə yekun vurulub

Bakı, 2 dekabr, AZƏRTAC

“Regional İnkişaf” İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, “EkoSfera” Sosial İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Öyrən, inan, faydalan” tibbi və sosial xidmətlər barədə məlumat və maarifləndirmə layihəsinə yekun vurulub.

DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində Xəzər rayonunun Binə, Türkan, Zirə, Şüvəlan qəsəbələrindən olan könüllülərin təlimlərə cəlb edilməyinin məqsədi tibb və sosial müdafiə sahəsində qanunvericiliyə dair maarifləndirmə işinə dəstək verməkdən ibarət olub.

1 saylı Bakı DOST Mərkəzində keçirilən tədbirdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov rəhbərlik etdiyi qurumun sosial müdafiə sahəsində maarifləndirmə işinə daim dəstək olduğunu, layihə çərçivəsində keçirilən təlimlərdə DOST Agentliyinin əməkdaşlarının da təlimçi kimi fəal iştirak etdiyini bildirib.

Milli Məclisin deputatı Soltan Məmmədov qeyd edib ki, “Öyrən, inan, faydalan” layihəsi əhalinin sosial müdafiəsi və icbari tibbi sığorta ilə bağlı qanunvericilik sahəsində vətəndaşların maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

“Regional İnkişaf” İctimai Birliyinin mütəxəssisi Əfqan Əliyev layihənin vətəndaş cəmiyyətinin inkişafı, dayanıqlı inkişaf məqsədlərini özündə ehtiva edən sosial layihələrə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən daim dəstək olunduğunu qeyd edərək, layihə müddətində verdikləri töhfələrə görə tərəfdaş qurumlara təşəkkür edib.

Tədbirdə “EkoSfera” Sosial-Ekoloji Mərkəzin rəhbəri Firuzə Sultan-zadə “Öyrən, inan, faydalan” layihəsinin əhalinin həssas qruplarının sosial və tibbi sahədə hüquq və vəzifələri barədə maariflənmə işindəki rolunu diqqətə çatdırıb.

Altı ay davam edən layihəyə dair təqdimat və videoçarx nümayiş olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Aynurə Əhmədova keçirilən təlimlərin gənclər üçün əhəmiyyətini qeyd edib və gələcək əməkdaşlığa daim açıq olduqlarını vurğulayıb.

“Öyrən, inan, faydalan” layihəsinin könüllüsü Azər Məlikov tibbi və sosial sahədə əldə etdikləri bilik və yüksək səviyyədə komanda işinin təşkilinə görə bütün könüllülər adından təşkilatçılara minnətdarlığını bildirib.

Layihədə təlimçi qismində iştirak edən mütəxəssislərə təşəkkürnamələr, təlimlərdə iştirak edən könüllülərə sertifikatlar təqdim edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.