CƏMİYYƏT


“Öyrən, inan, faydalan” tibbi və sosial xidmətlər barədə məlumat və maarifləndirmə layihəsi üzrə təlimlər yekunlaşıb

Bakı, 4 avqust, AZƏRTAC

Xəzər rayonunda yerli icma birlikləri tərəfindən “Regional İnkişaf” İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilən “Öyrən, inan, faydalan” tibbi və sosial xidmətlər barədə məlumat və maarifləndirmə layihəsi çərçivəsində keçirilən təlimlər yekunlaşıb. Təlimlərdə Xəzər rayonunun Binə, Türkan, Zirə, Şüvəlan qəsəbələrindən olan könüllülər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, 3 saylı Bakı DOST Mərkəzində keçirilən “Öyrən, inan, faydalan” tibbi və sosial xidmətlər barədə məlumat və maarifləndirmə layihəsinin “Sosial sahə qanunvericiliyi” mövzusu üzrə təlim proqramı “Sosial müavinətlər”, “Ünvanlı dövlət sosial yardım (ÜDSY)”,“Məşğulluq (özünüməşğulluq) xidmətləri”, “Əmək pensiyaları” ilə bağlı mövzuları əhatə edib və ümumilikdə 10 sessiyadan ibarət olub.

Təlimlər yüksək peşəkarlıq səviyyəsi olan təlimçilər tərəfindən keçirilib. Təlimlərin keçirilməsində məqsəd Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi, eləcə də, əhalinin sosial müdafiəsi sahəsində mövcud qanunvericilik və onun yaratdığı imkanlar haqqında maarifləndirmə işinə dəstək vermək olub.

“Sosial sahə qanunvericiliyi” üzrə proqramda nəzərdə tutulan təlimlər üzrə 1 saylı Bakı DOST mərkəzinin direktoru Kamran Abdullayev “Ünvanlı dövlət sosial yardım”, 1 saylı Bakı DOST mərkəzinin direktor müavini Ramil Babayi “Sosial müavinətlər”, DOST Xidmətləri departamenti, Xidmətlərin təşkili şöbəsinin böyük məsləhətçisi Əşrəf Qurbanov “Məşğulluq (özünüməşğulluq) xidmətləri”, Çağrı mərkəzi 142/Xidmətin təşkili və keyfiyyətin təminatı şöbəsinin müdiri Sevinc Məmmədova “Əmək pensiyaları” mövzularında geniş təqdimatlarla çıxış ediblər. “İcbari tibbi sığorta” mövzusunda maarifləndirmə təqdimatı ilə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova könüllüləri icbari tibbi sığorta barədə məlumatlandırıb. Təlimlər zamanı iştirakçılar ilə ünvanlı dövlət sosial yardım və sosial müavinətlər modulu üzrə qruplarda iş aparılaraq problemlərin həllinə dair tapşırıqlar verilib və mövzu ətrafında yaranan suallar cavablandırılıb. Keçilən mövzular üzrə real vətəndaş müraciətini qanunvericilik çərçivəsində araşdırmaq imkanları yaradılıb və hər təlim sessiyasının sonunda tapşırıqlar verilib. Könüllülərin mövzuya hakimlik səviyyəsini artırmaq üçün müxtəlif elektron təlim vəsaitləri tövsiyə edilib. İştirakçıların mövzular üzrə öyrəndiklərinin qiymətləndirilməsi məqsədilə “keys” tipli qrup işləri və post-test imtahanları həyata keçirilib.

Bir ay müddətində keçirilən təlimlərdə iştirak edən könüllülərin yekun qiymətləndirilməsi təlimçi-mütəxəssislərin də daxil olduğu münsiflər heyəti tərəfindən 5 meyar üzrə aparılıb. Qiymətləndirmə, müsahibə formasında aparılaraq özünü təqdimetmə, dünyagörüşü, eləcə də sosial sahə qanunvericiliyi haqqında sual-cavab və tibbi icbari sığorta üzrə qısa test şəklində həyata keçirilib. Ümumi təlimlərə qatılan 11 nəfər könüllüdən seçim mərhələsində 9 nəfər iştirak edib, onlardan 6 nəfər seçilərək növbəti mərhələyə vəsiqə qazanıb. Növbəti mərhələdə əhalinin sosial müdafiəsi sahəsində mövcud qanunvericilik və onun yaratdığı imkanlar haqqında maarifləndirmə işinə dəstək məqsədilə altı nəfər könüllü arasından biri əlaqələndirici olmaqla hər qəsəbə üzrə iki nəfər könüllü təyin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.