REGİONLAR
“Oyun Karvanı” Qəbələdə
Qəbələ, 21 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının təşkilatçılığı, Azərbaycan Məktəb İdmanları Federasiyası, Azərbaycan İdman Könüllüləri İctimai Birliyi və “Mehriban Dost” layihəsinin dəstəyi ilə keçirilən “Oyun Karvanı Azərbaycanda” layihəsinin növbəti ünvanı Qəbələ rayonu olub.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Qəbələ Olimpiya İdman Kompleksində keçirilən tədbirdə İsmayıllı, Şamaxı, Kürdəmir, Göyçay, Ağdaş və Qəbələ rayonlarından 8-12 yaş arasında 200-dək uşaq iştirak edib.
Tədbirin açılış mərasimində Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov və Olimpiya İdman Kompleksinin direktoru Mətləb Kərimov çıxış edərək, ölkənin 7 regionunu əhatə edəcək layihə barədə məlumat veriblər. Bildirilib ki, layihənin əsas məqsədi uşaqları sevindirmək, qardaş ölkələr olan Azərbaycan və Türkiyənin uşaq və yeniyetmələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə vermək, uşaqları müxtəlif əyləncəli idman oyunları ilə həvəsləndirərək idmanın kütləviliyinə nail olmaqdır.
Sonra idman meydançası uşaqların ixtiyarına verilib. Onlar şən musiqinin sədaları altında müxtəlif əyləncəli oyunlara qatılaraq bacarıqlarını nümayiş etdiriblər. Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr verilib.