MƏDƏNİYYƏT
“Oyuq” teatr-studiyası konsert təqdim edəcək
Bakı, 6 may, AZƏRTAC
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca istedadları həmyaşıdlarını yenidən sevindirəcək. “Oyuq”çular mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü, həmçinin Gül bayramı münasibətilə konsert təqdim edəcəklər.
Bakıda fəaliyyət göstərən bir sıra lisey və orta məktəblərin şagirdlərinin iştirak edəcəyi tamaşa-konsert barədə AZƏRTAC-a məlumat verən studiyanın pedaqoqu Səidə Haqverdiyeva balacaları sürprizlərin gözlədiyini bildirib. O deyib: “Hər zaman həmyaşıdlarını öz istedad və bacarıqları ilə təəccübləndirən “Oyuq”çular bu dəfə həm maraqlı tamaşa, həm də yeni musiqi nümunələrindən ibarət konsert və səhnə geyimləri ilə balaca dostlarını təbrik edəcəklər. Uşaqlar əvvəlcə “Şahın xudpəsənd oğlu” tamaşasına baxacaqlar. Daha sonra isə geniş konsert proqramı və rəqslər nümayiş olunacaq”.
Üç ildən artıqdır ki, fəaliyyət göstərən studiyanın mütəmadi konsert proqramı və tamaşalarla çıxış etdiyini bildirən S.Haqverdiyeva növbəti tədbirin 28 may – Respublika Günü ilə əlaqədar reallaşacağını deyib. Qeyd edib ki, Azərbaycan nağıllarından seçmələrdən ibarət tamaşa uşaqlara tanıdıqları nağıl qəhrəmanlarını bir səhnədə görmək imkanı verəcək.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə də balacaların tamaşa-konsertə hazırlaşdıqlarını söyləyən studiyanın pedaqoqu bildirib ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə onun “Arşın mal alan” operettası pantomima elementlərinin köməyi ilə təqdim ediləcək. Operettadan bir neçə ariya və duet müzikl formasında hazırlanacaq. Artıq bununla bağlı qızğın məşqlər gedir və uşaqlara səhnə plastikası, xoreoqrafiyadan xüsusi dərslər keçilir.
Xeyriyyə xarakterli konsertlər teatrın binasında baş tutacaq.