DÜNYA
Öz gözündə tiri görməyib, başqasında çör-çöp axtarır
Praqa, 28 noyabr, AZƏRTAC
Çexiyanın Əmək və Sosial İşlər Nazirliyinin ekspertləri ölkə vətəndaşlarının pensiya dövrü üçün yığımlarının yetərli olmadığına diqqət yetiriblər. Dövlət ödəmələri vətəndaşlara yetərli həyat səviyyəsi təmin etməyə qadir deyil. Əlavə pensiya sığortası üçün aylıq ödəmə çox vaxt 500, yaxud 1000 kron (18.5, yaxud 37 avro) təşkil edir ki, bu da çox azdır. Ekspertlərin hesablamalarına görə, aylıq xərclərini təmin etməyə 25 min kronu (926 avro) olan vətəndaş 21 min kron (778 avro – aktiv əmək dövrü səviyyəsinin 85 faizi qədər) pensiya almalıdır. Hazırda çexiyalı pensiyaçıların gəlirlərinin 95 faizini dövlət ödəmələri təşkil edir, pensiyanın orta məbləği isə 2016-cı ilin sentyabrında yalnız 11 441 krona (424 avro) bərabər olub. Əməkhaqqı aşağı olduğu üçün çexiyalı vətəndaşların çoxunun pensiya dövrü üçün daha ciddi məbləğ saxlamaq imkanı yoxdur. Bu yaxınlarda Çexiya KİV-lərində guya Türkiyənin “iqtisadi iflasa” uğraması barədə tənqid dalğasının yayılması belə bir fonda anlaşılmazdır. Əslində, çexiyalı yaşıdları ilə müqayisədə isə Türkiyə pensiyaçıları çox yaxşı yaşayırlar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa