MƏDƏNİYYƏT
“Özbək-Azərbaycan, Azərbaycan-özbək danışıq kitabı” toplusunun təqdimatı keçirilib
Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə “Özbək-Azərbaycan, Azərbaycan-özbək danışıq kitabı” toplusunun təqdimatı keçirilib.
Layihənin rəhbəri Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, tərtibçilər isə özbək alimləri Nosir Maxmudov, Babaxan Şərif və jurnalist Rüstəm Cabbarovdur.
Daşkənddəki Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında keçirilən mərasimdə səfirliyin əməkdaşları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, bu ölkənin ədəbiyyat və mədəniyyət xadimləri, yazıçılar, şairlər iştirak ediblər.
Tədbirdə Nosir Maxmudov, Babaxan Şərif və Rüstəm Cabbarov çıxış edərək kitabın əhəmiyyətindən danışıb, nəşrin Azərbaycan və özbək dilini öyrənənlər üçün mühüm vəsait olduğunu bildiriblər. Natiqlər, həmçinin ölkələrimiz arasında mədəni sahədə əlaqələrin inkişaf etdiyini, Özbəkistanda Azərbaycan mədəniyyətinə və ədəbiyyatına böyük maraq olduğunu vurğulayıblar.
Səfirliyin birinci katibi, AMM-nin direktoru Samir Abbasov bu layihənin ilk dəfə həyata keçirildiyini və gələcəkdə iri həcmli “Azərbaycan-Özbək, Özbək-Azərbaycan” lüğətinin hazırlanmasının vacibliyini qeyd edib.
Mərasimdə son zamanlar ölkəmizdə çap edilən kitabların sərgisi də təşkil olunub. Sərgidə xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı kitablar, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatları əks etdirən nəşrlər, Azərbaycanın tarixi, dövlətçilik ənənələri, mədəniyyəti, turizm potensialı, habelə xarici müəlliflərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında əsərləri nümayiş olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri,
Daşkənd