İQTİSADİYYAT
Özbək şirkətlərinin Azərbaycanla tikinti və şəhərsalma sahəsində əməkdaşlığının perspektivləri müzakirə olunub
Bakı, 21 fevral, AZƏRTAC
Özbəkistanın tikinti sektorundan olan nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində fevralın 21-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə təşkilatçılığı ilə özbək şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ASK-nın baş katibinin müavini Fuad Hümbətov Azərbaycanla Özbəkistan arasında son vaxtlar iqtisadi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini deyib. 2018-ci ildə Özbəkistan ilə Azərbaycan arasında bir neçə saziş və müqavilə imzalanıb.
Görüşdə xalqlarımız arasındakı tarixi dostluq əlaqələrinə və dövlət başçılarının siyasi iradəsinə əsaslanan yüksək səviyyəli münasibətlərin iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdığı vurğulanıb.
Özbəkistanın tikinti nazirinin müavini Erkin İsgəndərov səfərin əsas məqsədinin Azərbaycanın tikinti və şəhərsalma sahəsində təcrübəsinin öyrənilməsi olduğunu qeyd edib, bu sahədə qarşılıqlı əməkdaşlığın perspektivlərindən danışıb.
Ölkəsinin Azərbaycanla əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu vurğulayan nazir müavini iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə “Biznes islahatları”, “Elektrik təchizatı şəbəkələrinə qoşulma”, “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi”, “Azexport” və rəqəmsal ticarət haqqında təqdimatlar olub, müzakirələr aparılıb.