SİYASƏT
Özbəkistan Ali Məclisinin deputatları Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar
Daşkənd, 12 may, АZƏRTAC
Özbəkistan Ali Məclisinin deputatları Azərbaycana səfərdən əvvəl Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə (AMM) gələrək qurumun direktoru Samir Abbasovla görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Özbəkistan Ali Məclisinin Hüquq məsələləri komitəsinin sədri Cahangir Şirinov, Beynəlxalq məsələlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Uktam İslamov, Elm, təhsil, mədəniyyət və idman komitəsinin üzvü Oydin Abdullayeva, deputat Nigora Kutlimuratova iştirak ediblər.
AMM-in direktoru Samir Abbasov qonaqları salamlayaraq görüş üçün deputatlara təşəkkürünü bildirib. Direktor mərkəzin fəaliyyəti, qurumun iki ölkə arasında mədəniyyət, turizm, təhsil, mətbuat, diasporla iş, ümumiyyətlə, humanitar sahədə əməkdaşlığın genişləndirilməsi və inkişafına dəstək olduğunu söyləyərək, Azərbaycanın zəngin mədəniyyətinin tanıdılması və təbliği istiqamətində həyata keçirilən işlər barədə məlumat verib.
S.Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin mərkəzin açılışı zamanı söylədiyi fikri qeyd edib: “Bu mərkəz, əslində, Özbəkistan-Azərbaycan dostluğunun təcəssümüdür. Mərkəz ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da çox əlamətdar haldır. Çünki ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələrin inkişafı üçün böyük səylər göstərmişdir”.
Direktor Ümummilli Liderin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlər göstərdiyini və müstəqilliyimizin xilaskarı olduğunu, onun xatirəsinin hər bir azərbaycanlı üçün əziz olduğunu söyləyib.
S.Abbasov Azərbaycanla Özbəkistan arasında yüksək səviyyəli strateji əməkdaşlıq münasibətlərinin, dövlət başçılarımız arasındakı dostluq əlaqələrinin olduğunu qeyd edib, Azərbaycan dövlətinin Özbəkistanla bütün sahələrdə əməkdaşlığa, xüsusilə mədəniyyət sahəsində əlaqələrə böyük önəm verdiyini vurğulayıb.
S.Abbasov 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunduğunu, Azərbaycanın 30 ilə yaxın Ermənistan tərəfindən işğala məruz qalan torpaqlarının 2020-ci ildə azad edildiyini bildirib. O, Azərbaycan mədəniyyətinin paytaxtı, qədim Şuşa şəhəri haqqında məlumat verib, azad olunan ərazilərimizdə ermənilər tərəfindən həyata keçirilən vandalizm siyasəti, Ermənistanın işğal etdiyi şəhər və kəndlərimizdə evlərin, mülki obyektlərin, tarixi abidələrin məhv edildiyini, ölkəmizə böyük maddi və mənəvi zərər dəydiyini vurğulayıb. O, azad olunan Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri barədə də məlumat verib.
Cahangir Şirinov qardaş Azərbaycanla əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini, prezidentlərimiz arasında yüksək səviyyəli dostluq əlaqələri, xalqlarımız arasında dil, din, mədəniyyət birliyinin olmasını vurğulayaraq Azərbaycanın müstəqillikdən sonra keçdiyi tarixi yol, qazandığı nailiyyətləri yüksək qiymətləndirib. O, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın ötən ay Özbəkistana səfəri zamanı parlamentlərarası əlaqələrin inkişafına dair faydalı görüşlərin, müzakirələrin keçirildiyini qeyd edib. Komitə sədri AMM ilə tanışlıqdan məmnunluğunu ifadə edib və mərkəzin fəaliyyətini yüksək qiymətləndirib.
Oydin Abdullayeva xalqlarımız və dövlətlərimiz arasında tarixi dostluqdan danışıb, Özbəkistanda öz fəaliyyəti ilə seçilən AMM-in olmasından məmnunluğunu bildirərək, mərkəzin iki ölkə arasında mədəni əlaqələrinin genişləndirilməsində xüsusi rolunu qeyd edib. Mərkəzin imkanlarından yerli azərbaycanlılarla yanaşı, Özbəkistan vətəndaşlarının da faydalandığını xüsusi vurğulayan deputat qurumun işi, muzeyləri ilə tanışlıq nəticəsində bir daha onlarda Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi haqqında yüksək təəssürat oyandığını bildirib.
O.Abdullayeva Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əlaqələrin ən yüksək səviyyədə olduğunu, bu istiqamətdə hər il çoxsaylı tədbirlər və layihələrin həyata keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Deputat Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə bu yaxınlarda Daşkənddə keçirilən görüşü yüksək dəyərləndirib, Azərbaycana reallaşacaq səfərləri zamanı mədəniyyət sahəsində əməkdaşlığın da müzakirə olunacağını qeyd edib.
Görüşdən sonra qonaqlar Mədəniyyət Mərkəzinin Azərbaycan dili, kompüter kursları, milli rəqslər, rəsm, əl işləri, fortepiano dərnəklərinin fəaliyyəti ilə tanış olublar. Onlara məlumat verilib ki, mərkəzdə fəaliyyət göstərən kurs və dərnəklərin xidmətlərindən çoxlu adam istifadə edir, son 9 ildə ümumilikdə 1106 nəfər uşaq, yeniyetmə və gənc kurs və dərnəkləri başa vurub və onlara sertifikatlar verilib. Kurs və dərnəklərdə iştirak edən 24 Özbəkistan vətəndaşı Azərbaycan ali məktəblərində təhsil almaq imkanı əldə ediblər.
Qonaqlar Mədəniyyət Mərkəzindəki Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi, Azərbaycan-Özbəkistan Dostluq muzeylərində nümayiş etdirilən eksponatlara xüsusi maraq göstəriblər. Onlara məlumat verilib ki, ayda iki dəfə Daşkənddəki ali məktəblərin tələbələri, habelə orta məktəblərin şagirdləri üçün Mərkəzdəki muzeylərə ekskursiyalar təşkil olunur.
Deputatlar dostluğumuza dair yaradılan guşələri yüksək qiymətləndirib, bu barədə öz fikirlərini, təkliflərini bölüşüblər.
Sonda Özbəkistan Ali Məclisinin deputatları adından Oydin Abdullayeva Mədəniyyət Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb, qonaqlara AMM-in təşəbbüsü ilə çap olunan kitablar hədiyyə olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd