CƏMİYYƏT


Özbəkistan Azərbaycanın tikinti və şəhərsalma sahəsində təcrübəsini öyrənir

Bakı, 19 fevral, AZƏRTAC 

Ölkəmizdə səfərdə olan Özbəkistanın tikinti nazirinin müavini Erkin İsgəndərovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 19-da Fövqəladə Hallar Nazirliyində (FHN) olub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti ilə görüşən fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Lətifov nazirliyin fəaliyyəti haqqında ətraflı məlumat verib.

Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin tikinti sahəsində mütərəqqi fərman və sərəncamlarından və onların uğurla icrasından danışıb. Ölkəmizdə son illər tikintidə təhlükəsizlik sahəsində görülən işlərə toxunan R.Lətifov bu sahədə Azərbaycan və Özbəkistanın aidiyyəti qurumları arasında təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Özbəkistanın tikinti nazirinin müavini Erkin İsgəndərov səfərin əsas məqsədinin Azərbaycanın tikinti və şəhərsalma sahəsində təcrübəsinin öyrənilməsi olduğunu qeyd edib. Qonaq bu sahədə qarşılıqlı əməkdaşlığın perspektivlərindən danışıb.

Daha sonra Özbəkistan nümayəndə heyəti FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində (TTNDA) olub. Agentliyin struktur bölmələri və institutlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə çıxış edən FHN TTNDA-nın rəisi Cəbrayıl Xanlarov Agentlik və onun fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib. Qurumun rəhbəri tikintidə təhlükəsizliyə nəzarət, ekspertiza sahələrində qazanılan təcrübədən və tətbiq olunan yeniliklərdən söz açaraq, tikinti sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi və “bir pəncərə” sisteminin uğurlu tətbiqindən danışıb. O, müasir texnologiyalardan istifadə olunmaqla Agentlikdə yaradılan proqram təminatının qurumun fəaliyyətində vacib rol oynadığı qeyd edib.

Özbəkistan nümayəndə heyətinin başçısı Erkin İsgəndərov təmsil etdiyi nazirliyin yeni yarandığını vurğulayaraq, ölkəmizdə tikinti sahəsində normativ-hüquqi bazanın öyrənilməsinin onlar üçün əhəmiyyətli olduğunu bildirib.

Sonra Agentliyin informasiya texnologiyaları zalında TTNDA-nın fəaliyyəti haqqında videoçarx nümayiş olunub. Həmçinin Özbəkistan nümayəndə heyəti və Agentliyin mütəxəssisləri arasında geniş tərkibdə təcrübə və informasiya mübadiləsi aparılıb.

Daha sonra qonaqlar “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun fəaliyyəti ilə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.