MƏDƏNİYYƏT
Özbəkistan Dövlət Tarix Muzeyində “Azərbaycan Qafqazın dürdanəsi” pavilyonu açılıb
Daşkənd, 14 noyabr, AZƏRTAC
Özbəkistandakı səfirliyimizin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyində “Azərbaycan Qafqazın dürdanəsi” pavilyonunun açılışı olub.
Mərasimdə səfirliyimizin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, təhsil, ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri, Daşkənddə yaşayan azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
Özbəkistan Dövlət Tarix Muzeyinin direktoru, professor Cənnət İsmayılova Azərbaycanın bu ölkə üçün böyük əhəmiyyət daşıdığını və iki xalq arasında dil, din, mədəniyyət, adət və ənənələrin oxşar olduğunu qeyd edib.
AMM-in direktoru Samir Abbasov pavilyonun əhəmiyyətindən danışaraq, təşkil olunan guşədə Azərbaycanın zəngin dövlətçilik tarixi, mədəniyyəti, füsunkar təbiəti, adət və ənənələri, turizm potensialının nümayiş etdirildiyini bildirib.
S.Abbasov Heydər Əliyev Fondunun ölkəmizin tanıdılması ilə bağlı həyata keçirdiyi beynəlxalq layihələrdən danışıb, dünyanın ilk insan məskənlərindən olan Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlardan söhbət açıb.
Özbəkistan Milli Elmlər Akademiyasının departament rəhbəri Şuxrat Curayev və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov iki xalq arasında tarixi dostluq əlaqələri, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının Özbəkistana təsiri, ölkələr arasında strateji əməkdaşlıq əlaqələri haqqında məlumat verib, belə tədbirlərin xalqlarımızın daha da yaxınlaşmasına təsirindən danışıblar.
Sonra sərginin rəsmi açılışı olub, iştirakçılara milli mədəni irsimizə dair müxtəlif bölmələrdə nümayiş etdirilən eksponatlar haqqında məlumat verilib.
Pavilyonda ölkəmizin tarixi, dövlətçilik ənənələri, Azərbaycanın qədim xəritələri, müxtəlif regionlarında ipəkdən və yundan hazırlanan xalçalar, tarixi abidələrimiz əsasında hazırlanmış maketlər, müxtəlif milli musiqi alətləri - tar, saz, nağara, balaban, zurna və s. nümayiş etdirilib. Həmçinin burada Azərbaycanın Qarabağ bölgəsinin milli qadın və kişi geyimləri, habelə ölkəmizin qədim tarixinə dair bir sıra muzey eksponatları göstərilib.
Guşədə Azərbaycanın bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlarla bağlı kitablar, Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrlər, AMM-in layihəsi ilə özbək dilində son zamanlar çap olunan kitablar, habelə ölkəmizin turizm potensialına dair videoçarx nümayiş etdirilib.
Pavilyonda nümayiş etdirilən qədim Azərbaycan kəndlisinin ənənəvi evi iştirakçıların böyük marağına səbəb olub. Azərbaycan milli ornamentləri əsasında hazırlanmış ev, oradakı uşaq beşiyi, məişət əşyaları, cəhrə, çay süfrəsi, habelə Azərbaycan kəndlisinin istifadə etdiyi kənd təsərrüfatı alətləri, lavaş və digər çörək növlərinin bişirilməsi üçün təndir iştirakçıların böyük marağına səbəb olub.
“Azərbaycan Qafqazın dürdanəsi” sərgisi bu il dekabrın 31-dək davam edəcək və yekunda ölkəmizin tarixinə və mədəniyyətinə dair bir neçə eksponat muzeyə bağışlanacaq.
Sonda iştirakçılar Azərbaycan milli şirniyyatlarına qonaq edilib.
Mərasimdə AMM nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri bir-birindən gözəl milli rəqslərimizi ifa edib, milli mahnılarımız səslənib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd