MƏDƏNİYYƏT
Özbəkistan mətbuatı Azərbaycanla bağlı silsilə yazılar yaymaqda davam edir
Daşkənd, 22 avqust AZƏRTAC
Özbəkistanın 1news.uz portalı jurnalist Dilbər Babacanovanın rus dilində “Bakı - yenidən qayıtmaq istədiyin şəhər” sərlövhəli məqaləsini yayıb.
Xatırladırıq ki, müəllif Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə özbək jurnalistləri və yazarlar üçün “Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü” adlı layihə çərçivəsində Özbəkistanın jurnalist və yazarlarının iyul ayında Azərbaycana həyata keçirilən mediaturunun iştirakçılarından biridir.
Layihəyə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Özbəkistandakı səfirliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Mətbuat Şurası dəstək göstərib.
Məqalədə Azərbaycanın bayrağı, gerbi və himni haqqında danışılır, Dövlət Bayraq Meydanı ilə bağlı məlumat verilir, hündürlüyünə görə Azərbaycan bayrağının Ginnesin Rekordlar Kitabına düşdüyü bildirilir. Həmçinin Azərbaycanın inkişafı, iqtisadi imkanları haqqında da məlumat verilir.
Müəllif Bakının tarixi, qədim və müasir binaları, İşərişəhər, Dənizkənarı Milli Park, Atəşgah haqqında söhbət açır, Bakını dünyanın ən qədim və gözəl şəhərlərindən biri kimi təqdim edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd