CƏMİYYƏT
Özbəkistan mətbuatında ermənilərin cəbhə xəttindəki növbəti təxribatı ilə bağlı materiallar verilib
Daşkənd, 14 iyul, АZƏRTAC
Özbəkistanın interpress.uz, tnews.uz və fikr.uz portalları son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində bədnam erməni hərbi qüvvələri tərəfindən törədilən qanlı təxribatla əlaqədar özbək və rus dillərində materiallar verib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycana qarşı növbəti təxribat”, “Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, yenidən təxribata əl atır” və “Ermənistan yenə Azərbaycana qarşı hərbi təxribata yol açdı” sərlövhəli məqalələrdə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu ərazisindəki dövlət sərhədini kobud şəkildə pozaraq bu istiqamətdəki mövqeləri ələ keçirmək üçün yaxınlıqdakı kəndləri artilleriya qurğularından və iriçaplı pulemyotlardan atəşə tutduğu bildirilir. Qeyd edilir ki, nəticədə Azərbaycan Ordusunun zabit və əsgərləri həlak olub, mülki əhali arasında ölən və yaralanan var.
Yazılarda bildirilir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycana qarşı olan bu təxribatını pisləyib və həmişə Azərbaycanın yanında olduğunu bəyan edib: “Türkiyə bundan sonra da Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində qardaş ölkəyə hər cür dəstək olacaq”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd