SİYASƏT
Özbəkistan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim edilib
Daşkənd, 23 sentyabr, АZƏRTAC
“Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilova təqdim olunub. Medalı Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev təqdim edib.
AZƏRTAC xəbər verir ki, səfir Özbəkistanın siyasi rəhbərliyinin Azərbaycana dostluq və qardaşlıq münasibəti göstərdiyi deyib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan haqlı mövqeyini birmənalı şəkildə dəstəklədiyi üçün təşəkkürünü bildirib. O, hazırkı mərhələdə bu münasibətlərin ölkələrimizin xalqları, dövlət başçılarımızın iradəsi ilə qarşılıqlı etimad və dəstəyə əsaslandığını, strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə olunduğunu qeyd edib.
Əbdüləziz Kamilov bu yüksək mükafatla təltif edildiyinə görə şərəf duyduğunu deyib və Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib.
Nazir son zamanlar Özbəkistan ilə Azərbaycan arasında bütün sahələr üzrə əlaqələrdə nəzərəçarpacaq dərəcədə inkişafın müşahidə olunduğunu, iqtisadiyyat sahəsində çoxsaylı layihələrin reallaşdırılmasına start verildiyini qeyd edib. O, yaxın günlərdə tərəflər arasında yüksək səviyyəli dövlət səfərlərinin təşkil olunacağını qeyd edərək Daşkənd şəhərində Azərbaycan-Özbəkistan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 11-ci iclasının keçirilməsinin tezləşdirilməsi ilə bağlı təklifin Azərbaycan tərəfinə çatdırılmasını xahiş edib. Nazir iki ölkə arasında əmtəə dövriyyəsinin xeyli artdığını bildirib və buna görə məmnunluğunu ifadə dib.
Əbdüləziz Kamilov Azərbaycanın həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri ilə əlverişli regional tranzit mərkəzinə çevrildiyini deyib. O, 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı kimi Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcəyinə ümid etdiyini bildirib.
Nazir Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin təqdim etdiyi tranzit imkanlarından Asiya ölkələrinin, o cümlədən Özbəkistanın faydalanmasının iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyini söyləyib. Bildirib ki, bununla bağlı Özbəkistan Prezidentinin göstərişinə əsasən yaxın günlərdə Baş Nazirin müavini Elyor Qəniyevin Gürcüstana səfəri gözlənilir. Səfərin məqsədlərindən biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsinin öyrənilməsi və tranzit imkanlarından istifadə edilməsidir.
Görüşün sonunda H.Quliyev iki ölkə arasında əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının rəhbərliyi və XİN rəhbərliyi adından Ə.Kamilova “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalını təqdim edib. Bu ali mükafatın dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlərin göstəricisi olduğu bildirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd