CƏMİYYƏT
Özbəkistan nümayəndə heyəti Baş Prokurorluqda olub
Bakı, 6 iyun, AZƏRTAC
Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclası ilə əlaqədar ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Ombudsmanı Uluqbəy Muxamadiyevin və baş prokurorun müavini İslamcan Erqaşxocayevin rəhbərlik etdikləri nümayəndə heyəti Azərbaycan Respublikasının Baş Prokurorluğunda olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Zakir Qaralov xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da genişlənən ikitərəfli münasibətlərin inkişafında Özbəkistan və Azərbaycan dövlətlərinin ümummilli liderləri İslam Kərimovun və Heydər Əliyevin müstəsna xidmətlərini diqqətə çatdırıb. Həmçinin dövlət başçıları Şövkət Mirziyoyevin və İlham Əliyevin müəyyən etdikləri siyasi kursun ikitərəfli münasibətlərin daha da yaxınlaşması, hər iki respublikanın müxtəlif dövlət təsisatları, o cümlədən prokurorluq orqanları arasında faydalı əməkdaşlıq əlaqələrinin inkişafı yolunda böyük stimul olduğu bildirilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistanın daim Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi minnətdarlıqla qeyd edilib.
Baş prokuror son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi barədə qonaqlara ətraflı məlumat verib. Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya və rüşvətxorluq cinayətlərinə qarşı mübarizə məsələlərinin təşkili və həyata keçirilməsində prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr qoyulduğu diqqətə çatdırılıb, bu sahədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən görülən işlər, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi barədə məlumat verilib. Zakir Qaralov həm inzibati, həm də vətəndaş-məmur təmaslarının minimuma endirilməsinə yönələn qabaqlayıcı tədbirlərdən, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin şəbəkəsinin genişləndirilməsindən danışaraq, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından qurumun ciddi nailiyyətlər əldə etdiyini bildirib.
Azərbaycanda uğurla həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərdiyini diqqətə çatdıran Özbəkistan baş prokurorunun müavini İslamcan Erqaşxocayev hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayaraq, ölkələrimizin müxtəlif sahələrdə əlaqələrinin sürətlə inkişaf etdiyini, xüsusilə, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsinin qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsi işinə xidmət etdiyini deyib.
Özbəkistan Ombudsmanı Uluqbəy Muxamadiyev də səmimi görüşə görə minnətdarlığını bildirərək ölkəmizin insan hüquqları sahəsində uğurlu fəaliyyətini vurğulayıb.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb. Eləcə də tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Görüşdə Özbəkistanın ölkəmizdəki səfiri Şerzad Fayziyev iştirak edib.