SİYASƏT
Özbəkistan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycanda səfərdə olan Özbəkistan Nazirlər Kabineti yanında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Artukbek Yusupovun və Özbəkistan Müsəlmanları İdarəsinin sədri Usmanxon Alimovun başçılıq etdikləri nümayəndə heyəti iyulun 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları önünə tər güllər düzüb.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.