CƏMİYYƏT
Özbəkistan ölkəmizin icbari tibbi sığorta ilə bağlı təcrübəsini öyrənir



Bakı, 2 iyun, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olub.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, səfərin məqsədi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə dayanıqlı əməkdaşlıq əlaqələri qurmaq və icbari tibbi sığorta sahəsində təcrübə mübadiləsi aparmaq olub.
Zaur Əliyev, Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatov və fondun icraçı direktoru Farrux Şaripov arasında keçirilən görüşdə qurumlararası əlaqələrin möhkəmləndirilməsi və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. A.İnoyatov ölkələrimiz arasında strateji tərəfdaşlığın ildən-ilə inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin bu münasibətlərin dərinləşməsinə töhfə verdiyini bildirib.
F.Şaripov Azərbaycanın səhiyyə sahəsində apardığı islahatlarla bağlı təcrübəsinin onlar üçün çox maraqlı olduğunu vurğulayıb: “Rəhbərlik etdiyiniz qurumun fəaliyyəti və təşkilati strukturu fondumuzun fəaliyyətinin təşkili üçün nümunə olmuşdur. Əminəm ki, təcrübə mübadiləsi fəaliyyətimizin səmərəliliyinin artırılmasına, həm səhiyyənin maliyyələşdirilməsinə, həm də biznes proseslərinin rəqəmsallaşdırılmasına imkan verəcək”.
Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, ölkəmizdə tətbiq edilən icbari tibbi sığorta haqqında özbəkistanlı həmkarına geniş məlumat verib: “Hədəfimiz əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə zəmanət verən universal tibbi sığortanı təmin etməkdir. Təcrübəmizi sizinlə bölüşə bildiyimiz üçün çox şadıq, çünki yeniliklərin tətbiqi prosesində həmişə birlikdə həll edilməli olan çətinliklər olur. Təcrübəmizə əsaslanaraq, biz Özbəkistandakı həmkarlarımızla əməkdaşlıq etməkdən məmnun olarıq”.
Daha sonra hər iki qurumun nümayəndələri icbari tibbi sığorta ilə bağlı təqdimatlarla məruzə ediblər. Agentliyin əməkdaşları tərəfindən iştirakçılara xidmətlər zərfi ilə təminata alınan və alınmayan tibbi xidmətlər, icbari tibbi sığorta fondunun maliyyə mənbələri və xərclərin əsas istiqamətləri, tibbi iddiaların idarə edilməsi, göndərişlərin verilməsi qaydası, tibb müəssisələrinin elektronlaşdırılması haqqında məlumatlar verilib.
Nümayəndə heyəti Daşkənd, Sırdərya və Qulistan şəhərlərində fəaliyyət göstərən dövlət tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqi ilə tanış olublar.