SİYASƏT
Özbəkistan parlamentinin Sədri Ermənistan tərəfindən Gəncənin artilleriya atəşinə tutulması ilə bağlı narahatlığını bildirib
Bakı, 19 oktyabr, AZƏRTAC
Özbəkistan Ali Məclisinin Sədri Nurdinjon İsmailov Milli Məclisin Sədri Sahibə Qafarovaya məktub ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Nurdinjon İsmailov məktubunda dost ölkə olaraq Özbəkistanın Dağlıq Qarabağ ətrafında silahlı münaqişə və azərbaycanlı mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. O, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
Məktubda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Özbəkistanın prinsipial mövqeyi bir daha diqqətə çatdırılıb. Bildirilib ki, münaqişə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması şərtilə həll olunmalıdır.
Özbəkistan parlamentinin Sədri gələcəkdə ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.