SİYASƏT
Özbəkistan portalı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı Qələbədən yazır
Daşkənd, 11 mart, АZƏRTAC
Özbəkistanın “azon.uz” xəbər portalında Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı qələbədən yazır. “Dağlıq Qarabağda Qələbə amili, yaxud dronlar haqqında” sərlövhəli məqalə özbək dilində dərc edilib.
AZƏRTAC xəbər verir ki, saytın hərbi məsələlər üzrə şərhçisi Şokir Dolimovun məqaləsində bildirilir ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edərkən XXI əsrin taktika və strategiyasından faydalanıb və sözün əsl mənasında “Dronlar müharibəsi” aparıb. “Bu müharibədə Azərbaycan XXI əsrin müharibəsini aparan dövlət kimi hərb tarixinə düşüb və bu, mübaliğəsiz belədir”, - deyə müəllif qeyd edib.
Müharibədə Türkiyənin və İsrailin ən müasir dronlarından istifadə olunduğunu diqqətə çatdıran müəllif Türkiyənin “Bayraktar TB2”, İsrailin “Nagor” və Azərbaycan istehsalı olan dronların texniki göstəriciləri haqqında məlumat verir.
Məqalədə əsgərlərimizin qəhrəmanlığı, Şuşanın alınmasındakı şücaəti haqqında məlumat verilir, bu qədim şəhərin faktiki olaraq əlbəyaxa döyüş ilə alındığı diqqətə çatdırılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd