SİYASƏT
Özbəkistan portalı Bərdə hadisələrindən yazıb
Daşkənd, 1 noyabr, АZƏRTAC
Özbəkistanın tnews.uz portalı Azərbaycanın Özbəkistandakı səfirliyinin Bərdə hadisələri ilə bağlı mətbuat üçün məlumatını yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda oktyabrın 27-də və 28-də Ermənistanın humanitar atəşkəs rejimini pozaraq “Smerç” bombalarından Bərdə, Goranboy və digər əraziləri atəşə tutduğu bildirilir. Oktyabrın 27-də Bərdə rayonu ərazisində 5 dinc sakin həlak olub, 14 nəfər yaralanıb. Həmin gün Euronews televiziya kanalının çəkiliş qrupu da “Kornet” sistemindən atəşə tutulub.
Qeyd olunur ki, oktyabrın 28-də qədim Bərdə şəhərinin mərkəzi “Smerç” qurğularından raket atəşinə tutulub, nəticədə 21 dinc sakin həlak olub, 70-dən çox insan yaralanıb. Vurğulanır ki, silahlı münaqişələr zamanı mülki əhalini və obyektləri nişan almaq hərbi cinayətdir və 1949-cu ildə imzalanan Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.
Deyilir ki, Ermənistanın Azərbaycanın mülki obyektlərini və dinc əhalisini raket atəşinə tutması ilə bağlı Avropa məhkəməsinə müraciət edilib. Vurğulanır ki, erməni təcavüzkarlarının əli ilə günahsız insanların həlak olmasına, erməni vandallarının cinayətlərinə dünya birliyi daha nə qədər susacaq?
Dünya ictimaiyyəti Azərbaycan ərazisindəki təcavüzkar qüvvələrə siyasi, maliyyə dəstəyi göstərən ayrı-ayrı dövlətlərə müvafiq təsir göstərməyə çağırılır.
Qeyd etmək istəyirik ki, Azərbaycan öz növbəsində bütün cəbhəboyu humanitar atəşkəs rejiminə əməl edir. Ermənistan rəhbərliyi, ən nəhayət, başa düşməli və qəbul etməlidir ki, Azərbaycanın dövlət sərhədləri dünya birliyi tərəfindən tanınıb və Azərbaycan öz ərazisinə hücum edən hər hansı hərbi obyekti məhv etmək hüququna malikdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd