SİYASƏT


Özbəkistan portalı qədim Azərbaycan şəhəri İrəvan barədə məqalə yayıb

Daşkənd, 4 iyun, АZƏRTAC

Özbəkistanın “human.uz” portalı “Ermənistanın paytaxtına çevrilən qədim Azərbaycan şəhəri” sərlövhəli məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, rus dilində dərc olunan məqalədə İrəvanın tarixi haqqında ətraflı məlumat təqdim edilir. Bildirilir ki, şəhər Zəngi çayının sahilində, səfalı bir məkanda yerləşir.

Qeyd edilir ki, XVI–XIX əsrlərdə bu şəhərdə Azərbaycan adı daşıyan çoxlu qala, məscid, karvansara, meydan, bazar və bulaq olub.

“Türk səyyahı Övliya Çələbi (1611-1682) öz əsərlərində yazır ki, Səfəvi dövlətinin başçısı Şah İsmayıl bu məkanı xarici düşmənlərdən müdafiə etmək üçün vəziri Rəvanqulu Xana şəhər ətrafında qala tikməyi tapşırır. Qala hazır olduqdan sonra şəhərin ilk adı “Rəvan”, sonra isə “İrəvan” olub”, - deyə məqalədə bildirilir.

Qeyd olunur ki, 1827-ci ildə çar Rusiyası tərəfindən işğal olunana qədər şəhər və ətrafda bir dənə də olsun erməni mənşəli məkana rast gəlinməyib. Şəhər əhalisinin 90 faizi Azərbaycan türklərindən ibarət olub. İşğaladək İrəvanın 43 xanı, bəylərbəyi və sərdarı Azərbaycan türkü olub.

Diqqətə çatdırılır ki, fransız səyyahı Jan Şarden (1643-1711) “Parisdən İsfahana səyahət” əsərində bu torpaqların əhalisinin mütləq əksəriyyətinin Azərbaycan türkü olduğunu yazıb.

1881-ci ildə Rusiya mətbuatında rus tarixçisi Stepan Zelenskinin İrəvan haqqında silsilə məqaləri dərc edilib.

Tarixçi yazıb ki, İrəvanın işğalından sonra yavaş-yavaş şəhərdəki qalalar, məscidlər, karvansaralar, meydanlar, bazarlar, bulaqların adları dəyişdirilməyə başlayıb, məscidlərin bəziləri xristianlaşdırılıb və ya dağıdılıb.

Vurğulanır ki, hazırda İrəvanda ancaq Göy məscid saxlanılıb, onu da xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.