SİYASƏT
Özbəkistan portalı ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə yayıb
Daşkənd, 12 may, AZƏRTAC
Özbəkistanın “nargis.uz” portalı öz səhifəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı rus dilində böyük məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, keçmiş SSRİ zamanında Azərbaycanda və Moskvada işlədiyi dövr, Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü kimi gördüyü işlər, Moskvada işlədiyi müddətdə daim Azərbaycanın yanında olması, həmçinin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti geniş işıqlandırılır.
Bildirilir ki, mayın 10-da müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin Fəxri xiyabandakı məzarını minlərlə insan və şəhərin qonaqları ziyarət edir, əklillər və gül dəstələri qoyurlar.
Yazıda Heydər Əliyevin 1970-1980-ci illərdə ölkədə gördüyü işlər və müstəqillik dövründə Azərbaycan dövlətinin və dövlətçiliyinin formalaşmasında və inkişafında, ölkənin suverenliyi, ərazi bütövlüyü, dünya birliyinə inteqrasiyası, neft və digər uzunmüddətli layihələrin hazırlanmasında əvəzolunmaz xidmətləri haqqında ətraflı məlumat verilir.
Vurğulanır ki, müstəqil Azərbaycanın rəhbəri olduğu müddətdə türkdilli dövlətlərlə - Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, həmçinin Rusiya, ABŞ, Avropa dövlətləri ilə mehriban əlaqələr qurulub.
Qeyd edilir ki, Ulu Öndərin ən böyük arzusu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi olub. Nəhayət bu arzu da reallaşdı. Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqları 44 gün ərzində işğaldan azad etdi. Bununla da Prezident İlham Əliyev atasının vəsiyyətini yerinə yetirmiş oldu.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd