MƏDƏNİYYƏT


Özbəkistan portalında Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru ilə müsahibə yer alıb

Daşkənd, 4 may, AZƏRTAC

Özbəkistanın “interpress.uz” portalında Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla müsahibə yer alıb.

AZƏRTAC xəbər verir ki, müsahibədə Mədəniyyət Mərkəzinin direktoru “Nizami Gəncəvi İli” ilə əlaqədar rəhbərlik etdiyi qurum tərəfindən dahi şairə həsr olunan silsilə tədbirlərin rəsmi açılış mərasiminin keçirildiyini söyləyib.

Bildirib ki, bu il Nizami Gəncəvinin 880, Əlişir Nəvainin 580 illik yubileyləri geniş qeyd edilir. O, Nizami Gəncəvi yaradıcılığı, Nizami və Nəvai arasında ədəbi bağlılıq, dahi şairlərin dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı Özbəkistanda çoxlu tədbirin reallaşacağını qeyd edib. S.Abbasov Özbəkistan mətbuatında Azərbaycanla bağlı elan olunan müsabiqənin bir nominasiyasının “Nizami Gəncəvi Azərbaycan və dünya poeziyasının dahisidir” mövzusunda olduğunu, il ərzində “Nizami Gəncəvinin həyat və yaradıcılığı” mövzusunda türk dünyasının nizamişünas alimlərinin iştirakı ilə Daşkənddə beynəlxalq elmi konfransın, mərkəzi sərgi salonunda Nizaminin əsərlərindən ibarət Özbəkistan, Azərbaycan və Türkiyədə saxlanılan miniatürlərin surətlərindən ibarət sərginin, Özbəkistanın şair və yazıçıları ilə bu mövzuda görüşlərin və digər tədbirlərin keçiriləcəyini bildirib. Vurğulayıb ki, Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvinin “Xəmsə”si Özbəkistanın Xalq şairi Camal Kamalın tərcüməsində ilk dəfə tam olaraq özbək dilində çap olunub.

Müsahibədə 44 günlük Vətən müharibəsi, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi, Azərbaycanın böyük qələbəsi haqqında da danışılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.