SİYASƏT


Özbəkistan portalları Bakıda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı məqalələr yayıb

Daşkənd, 14 aprel, АZƏRTAC

Özbəkistanın “qalampir.uz” və “azon.uz” portalları Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirakına dair məqalələr yayıb.

AZƏRTAC-ın məlumatına görə, yazılarda qeyd olunur ki, nümayiş etdirilən qənimətlər sırasında KUB zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla tırtıllı ağır texnika da var. Onlar saz vəziyyətdədir. Buraya düşmənin 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər eksponatlar daxildir.

İnformasiyalarda diqqətə çatdırılır ki, Prezident İlham Əliyev “İsgəndər-M” raketinin qalıqlarına yaxınlaşaraq Şuşanın bu raketlə atəşə tutulduğunu deyib. Azərbaycan Prezidenti bildirib: “Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü?”.

Müəllif ermənilərin 522 yük maşınının məhv edildiyini və qənimət kimi götürüldüyünü diqqətə çatdırıb.

Bu ölkənin “tnews.uz” və “azon.uz” saytlarında isə Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra inkişafının yeni mərhələsinə qədəm qoyması barədə məqalələr dərc olunub.

Yazılarda bu yaxınlarda Ağdamda səfərdə olan Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayevin orada gördüklərinə dair fikirləri əksini tapıb. O bildirib: “Ağdamda böyük dağıntıların şahidi olduq. Burada hər şey - bütün infrastruktur, evlər tamamilə dağıdılıb. Bütün dünya, beynəlxalq ictimaiyyət buna diqqət yönəltməlidir. Eyni zamanda, Türk Şurasına üzv ölkələr işğaldan azad olunan ərazilərin bərpasında iştirak etməlidir. Özbəkistan artıq quruculuq və infrastrukturun bərpası üçün köməyini təklif edib. Biz indi işğaldan azad olunan ərazilərdə tikəcəyimiz obyektləri müəyyənləşdiririk. Özbəkistan bir məktəbi öz vəsaiti ilə tikəcək və Azərbaycan xalqına hədiyyə edəcək”.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.