MƏDƏNİYYƏT
Özbəkistan portalları Bakıda keçirilən şopinq festivalı haqqında xəbərlər yayıb
Daşkənd, 17 oktyabr AZƏRTAC
Özbəkistanın “1news.uz” və “kun.uz” portalları Bakıda keçirilən ikinci şopinq festivalı haqqında informasiyalar yayıb.
Portallar Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə istinadla məlumat verirlər ki, ikinci festival mövsümünə və iştirakçılarının sayına görə fərqlənir. Belə ki, festivalda 578 ticarət obyekti iştirak edir. Mağaza və servis mərkəzləri ƏDV-nin qaytarılması prinsipi ilə işləyir. Şopinq festivalının əsas məqsədi Azərbaycana xarici turistlərin cəlb edilməsidir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana turist axını 21,9 faiz artıb. Azərbaycanın turizm sektorunda 46 min nəfər çalışır, əgər buraya mədəniyyət obyektlərinin 60 min işçisini də əlavə etsək, deməli, turizm sahəsində çalışanların sayı 100 mini ötür.
Materiallarda Azərbaycanın turizm imkanları, mehmanxanalar şəbəkəsi, qədim şəhərlərimizdə turizm obyektləri haqqında da məlumat verilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd