SİYASƏT


Özbəkistan portalları Kəlbəcərin işğaldan azad olunmasından yazır

Daşkənd, 27 noyabr, AZƏRTAC

Özbəkistanın “qalampir.uz” portalında Kəlbəcərin işğaldan azad olunması ilə bağlı özbək dilində məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən fikirlər yer alıb. Bildirilir ki, dövlətimizin başçısı öz müraciətində Kəlbəcər rayonunun işğal altına düşməsini böyük faciə adlandırıb. Prezident İlham Əliyev vurğulayıb ki, 1992-ci ilin mayında Şuşa və Laçın rayonlarının işğalından sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaradıb. Müraciətdə ermənilərin Kəlbəcərdən çıxarkən yaşadıqları evləri və meşələri yandırdıqları, ağacları kəsib özləri ilə apardıqları da qeyd edilib.

Məqalədə Prezident İlham Əliyevə istinadla bildirilib: “Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilib. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”.

“ishonch.uz” portalında dərc olunan məqalədə isə Kəlbəcər rayonunun tarixi və mədəniyyət abidələri, təbiəti, flora və faunası, təbii sərvətləri, əhalisi, ərazisi haqqında məlumat verilir, rayonun inzibati ərazi vahidi kimi 1930-cu ildə yaradıldığı diqqətə çatdırılır.

Məqalədə qeyd edilir ki, Kəlbəcər qızıl, civə, mis, əlvan daşlar, həmçinin mərmər, sement xammalı, mineral sular və digər ehtiyatlarla zəngindir.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.