İQTİSADİYYAT


Özbəkistan portallarında “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması haqqında materiallar verilib

Daşkənd, 20 sentyabr, AZƏRTAC

Özbəkistanın kun.uz və 1news.uz portallarında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü ilə bağlı düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması ilə bağlı özbək və rus dillərində materiallar verilib.

Məqalələrin əvvəlində bildirilir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Qeyd olunur ki, Azərbaycan “Əsrin müqaviləsi”ni daha 25 il uzadıb, yeni sazişdə SOCAR-ın payı 11,65 faizdən 25 faizə qaldırılıb, bu sazişdən Azərbaycan Dövlət Neft Fondu 3,6 milyard dollar həcmində bonus alacaq.

Bildirilir ki, yaxın 32 ildə Azərbaycana qoyulan investisiyanın həcmi 40 milyard dollardan artıq olacaq.

Materiallarda vurğulanır ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” 2024-cü ilə qədər qüvvədədir və yeni sənədin imzalanmasına ehtiyac var idi. Bildirilir ki “Əsrin müqaviləsi”nin imzalanması həmin dövrdə Azərbaycan Prezidenti olmuş Heydər Əliyevin qətiyyəti sayəsində baş tutub və bu sənəd Azərbaycan iqtisadiyyatının dirçəldilməsi üçün böyük əhəmiyyət kəsb edib. Qeyd edilir ki, saziş imzalandıqdan sonra Azərbaycan iqtisadiyyatına 33 milyard dollar həcmində sərmayə yatırılıb, layihənin reallaşdırılması nəticəsində isə ölkə 125 milyard dollar həcminə gəlir əldə edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.