SİYASƏT


Özbəkistan qəzeti Azərbaycan haqqında yazır

Daşkənd, 18 avqust, AZƏRTAC

Daşkənddə özbək dilində nəşr edilən “Darakçi” qəzetində Azərbaycanla bağlı məqalə dərc olunub.

Qəzetin baş redaktoru, tanınmış jurnalist və tərcüməçi, Azərbaycan ədəbiyyatının yaxın dostu Rüstəm Cabbarovun yazdığı məqalədə ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar haqqında məlumat verilir. Məqalədə, həmçinin Azərbaycan mədəniyyəti, tarixi, eləcə də İçərişəhər, qədim Gəncə və Bərdə şəhərləri, Qobustan, Atəşgah haqqında söhbət açılır.

Müəllif İçərişəhərlə Özbəkistanın qədim Xivə şəhərindəki İçan Kalanı müqayisə edir. Bildirilir ki, qədimdə hər iki məkan eyni məqsədə xidmət edib, hazırda həm İçərişəhərdə, həm də İçan Kalada insanlar yaşayır. Vurğulanır ki, müasir Bakı Şərq və Qərb mədəniyyətini, memarlıq üslubunu özündə cəmləşdirən bir meqapolisdir. Məqalə qəzetin saytında da yerləşdirilib.

Xatırladırıq ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə özbək jurnalistləri və yazarlar üçün “Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində iyulun 17-dən 24-dək Özbəkistanın jurnalist və yazarlarının Azərbaycana mediaturu təşkil olunub. Onlar artıq təəssüratlarını mətbuatda bölüşürlər.

Layihəyə ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi, Özbəkistandakı səfirliyimiz, Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondu və Mətbuat Şurası dəstək göstərib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.