SİYASƏT
Özbəkistan qəzetində Bakıda keçirilən Beynəlxalq Humanitar Forum haqqında məqalə dərc edilib
Daşkənd, 5 oktyabr, AZƏRTAC
Daşkənddə özbək dilində çap olunan “Darakçi” qəzetində beşinci Bakı Beynəlxalq Humanitar Forumun iştirakçısı, bu nəşrin baş redaktoru Rüstəm Cabbarovun məqaləsi dərc edilib.
Yazıda bildirilir ki, Forumda dünyanın 80 ölkəsindən 400-dən çox nümayəndə iştirak edib. Onların arasında tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən dünyanın siyasi, elmi və mədəni ictimaiyyətinin nümayəndələri olub. Forumda Özbəkistanı beş nəfərdən ibarət nümayəndə heyəti təmsil edib.
Məqalədə deyilir ki, Forumda Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu çıxışı, Azərbaycan haqqında müfəssəl məlumat verməsi, dünyada gedən siyasi məsələlərə münasibəti tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Müəllif yazır ki, Forumda “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” və “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzularında müzakirələr keçirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd