SİYASƏT


Özbəkistan saytı ermənilərin vandalizm siyasəti barədə məqalə yayıb

Daşkənd, 26 noyabr, АZƏRTAC

Özbəkistanın “interpress.uz” portalında ermənilərin Azərbaycanın işğal altındakı torpaqlarında apardıqları vandalizm siyasəti barədə məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, “İşğal olunmuş ərazilərdən çıxan ermənilər bir daha əsl simalarını göstərdilər” sərlövhəli məqalədə ermənilərin Kəlbəcərdən çıxarkən yaşadıqları evləri, yaxınlıqdakı meşələri yandırdıqları, infrastrukturu məhv etdikləri bildirilib. Qeyd edilib ki, rayon Azərbaycana təhvil veriləndən sonra vandalların qəbiristanlıqları, ziyarətgahları, hətta yolları minaladıqları məlum olub.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müharibənin dayandırılması ilə əlaqədar birgə bəyanat qəbul etdikləri barədə də məlumat verilir.

Bildirilir ki, bu razılaşmaya uyğun olaraq noyabrın 20-də Ağdam rayonu işğaldan azad edilib, Azərbaycan Silahlı Qüvvələri şəhərə daxil olub. Vurğulanır ki, şəhər yerlə-yeksan olunub, Ağdamda 1 dənə də olsun salamat bina, ev qalmayıb, infrastruktur məhv edilib. Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilib, Laçın rayonu isə dekabrın 1-dək əsl sahibinə qaytarılacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.