CƏMİYYƏT
Özbəkistan səfiri AQTİ laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olub
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Əşrəfxanovla görüş keçirilib. Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində əməkdaşlığın hazırkı vəziyyətinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb, həmçinin qonaqlara AQTİ-nin fəaliyyət istiqaməti barədə ətraflı məlumat verilib.
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva ölkəmizdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığının daha səmərəli təşkili ilə bağlı birgə elmi-praktiki araşdırmaları və tədqiqatların həyata keçirilməsinin əhəmiyyətini qeyd edib, qida təhlükəsizliyi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinin əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qonaqlar institutun fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə AQTİ laboratoriyalarına baxış keçiriblər. Onlara laboratoriyaların fəaliyyət istiqaməti, beynəlxalq təşkilatlarla əməkdaşlığı, eyni zamanda maddi-texniki bazası barədə ətraflı məlumat verilib.
Səfir Azərbaycan və Özbəkistan arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib.