MƏDƏNİYYƏT
Özbəkistan telekanalı Azərbaycan yazıçısı haqqında veriliş hazırlayıb
Daşkənd, 26 oktyabr, AZƏRTAC
Özbəkistanın “Mədəniyyət və mərifət” televiziya kanalında “Dünya ədəbiyyatı” seriyasından yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuz haqqında veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə hazırlanan verilişdə yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir. Verilişdə alim və tərcüməçi Babaxan Şərif bildirib ki, Yunus Oğuzun özbək dilində “Əmir Teymur”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan”, “Atabəy Eldəniz” romanları işıq üzü görüb və populyarlıq qazanıb. Əminəm ki, Yunus Oğuzun bundan sonra da yeni-yeni əsərləri özbək dilində çap ediləcək.
AMM-nin direktoru Samir Abbasov Yunus Oğuzun Özbəkistanda yaxşı tanındığını diqqətə çatdırıb. Bildirib ki, Yunus Oğuz Özbəkistanda çap edilən elə ilk kitabı - “Əmir Teymur” romanı ilə məşhurlaşıb. Yunus Oğuz özbək tarixi ilə bağlı elə bir kitab ortaya qoyub ki, onu sevməmək mümkün deyil.
Ədəbiyyatşünas Adxambek Alimbekov, filologiya elmləri namizədi Gülnaz Səttarova, jurnalist və tərcüməçi Rüstəm Cabbarov, Kokand şəhərindəki Mukimiy adına Dövlət Pedaqoji İnstitutunun dekanı Ziboxon Kabilova yazıçının yaradıcılığı haqqında söhbət açıb, onun əsərlərinin məziyyətlərindən danışıblar. Çıxış edənlər Yunus Oğuzun əsərlərinin Özbəkistandan başqa, Türkiyə, Rusiya, İran, Böyük Britaniya, Fransa, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə çap edildiyini bildirib, onun əsərlərinin populyarlığından söz açıblar.
Proqramda, həmçinin Yunus Oğuz öz yaradıcılığı, Əmir Teymur və digər tarixi şəxsiyyətlərlə bağlı yazdığı romanlar haqqında söhbət açıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd