MƏDƏNİYYƏT


Özbəkistan telekanalında Azərbaycanın Xalq Artisti Simarə İmanova haqqında veriliş yayımlanıb VİDEO

Daşkənd, 23 iyun, АZƏRTAC

Özbəkistanin Zor TV kanalında Azərbaycanın Xalq Artisti, Səmərqəndin “Şərq təranələri” I Beynəlxalq Musiqi Festivalının (1997) “Qran-Pri” mükafatının sahibi Simarə İmanova və bu ilin mart ayında Bakıda keçirilmiş “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının Özbəkistandan olan laureati İlyas Ərəbov haqqında özbək dilində veriliş yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə hazırlanmış “Mehr gözdə” adlı proqramda Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, AMM-in nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, respublikamızın Əməkdar Artisti Kövkəb Əliyeva iştirak ediblər.

Proqramın müəllifi və aparıcısı, Asror Abrorxocayev verilişin əvvəlində bildirib ki, bu yaxınlarda telekanalın çəkiliş qrupu Bakıda olub, Simarə İmanova ilə görüşüb və ondan müsahibə alıb. Verilişdə həmin müsahibə də efirə verilib, Simarə İmanovanın ifa etdiyi mahnılar səsləndirilib.

Özbəkistanın Xalq Artisti Münəccat Yolçuyeva, bu ölkənin Xalq Artisti, bəstəkar Şavkat Mirzaev, professor Rovşan Yunusov, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Sima Fətəliyeva və başqaları ölkələrimiz arasında dostluq əlaqələrindən danışıblar.

Vurğulanıb ki, Özbəkistanda Azərbaycan musiqisi çox sevilir, elə bir toy olmaz ki, orada qardaş xalqın musiqisi səslənməsin. Özbək bəstəkarları Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzulinin şeirlərinə mahnılar bəstələyiblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.