MƏDƏNİYYƏT
Özbəkistan telekanalında Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi haqqında veriliş yayımlanıb VİDEO
Daşkənd, 16 may, АZƏRTAC
Özbəkistanın “BizTV” telekanalında “Mədəniyyət mərkəzləri” adlı verilişdə bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə (AMM) dair geniş veriliş nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, “BizTV” telekanalının baş redaktoru, jurnalist Jaloliddin Mirzoyev apardığı proqramın ilk buraxılışının AMM-ə həsr olunduğunu vurğulayıb.
İlk verilişdə AMM-in direktoru Samir Abbasovun mərkəzin fəaliyyəti, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, milli mədəniyyətlərimiz, habelə iki ölkə arasında tarixi dostluq, əməkdaşlıq, mədəni əlaqələrə dair fikirləri yer alıb.
S. Abbasov deyib ki, mərkəz Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin iştirakı ilə 2010-cu ildə açılıb. Bildirilib ki, Prezident İlham Əliyev mərkəzin açılışındakı çıxışında deyib: “Bu Mərkəz Azərbaycan və Özbəkistan dostluğunun rəmzidir” .
Direktor Mədəniyyət Mərkəzinin Özbəkistanla mədəniyyət, turizm, mətbuat sahəsində əməkdaşlığın genişləndirilməsi, ölkənin müxtəlif regionlarında “Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi və kino günləri” tədbirlərinin təşkili, hər iki ölkənin mədəniyyət müəssisələri arasında əlaqələrinin yaradılması, özbək mətbuatı ilə sıx əməkdaşlıq, keçirilən sərgilər, konfranslar, təqdimatlar, nəşr layihələri, habelə qarşılıqlı səfərlər vasitəsi ilə ölkəmizin geniş təbliği məsələləri barədə məlumat verib.
Verilişdə Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsində böyük xidmətləri olan ulu öndər Heydər Əliyevin xatirəsinə Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi, habelə Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi, “Odlar yurdunun naxışları” adlı xalça muzeyi haqqında da söhbət açılıb.
Mərkəzdəki kitabxananın əməkdaşı Kifayət Pirməmmədova deyib ki, burada dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərə dair nəşrlər, Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, ölkəmizə dair zəngin mediateka, disk, elektron nəşrlər və jurnallar oxucuların istifadəsinə verilib. haqqında məlumat verib. O, Mərkəzin layihəsi ilə Azərbaycan klassiklərinin əsərlərinin özbək dilinə tərcümə edildiyini və ötən 9 ildə Daşkənddə 100-ə yaxın kitabın nəşr olunduğunu bildirib.
Proqramda mərkəzin nəzdində Azərbaycan dili, kompüter kursları, milli rəqslər, rəsm, əl işləri, fortepiano dərnəklərinin fəaliyyəti xüsusi qeyd olunub.
Verilişdə AMM-in nəzdindəki Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının fəaliyyəti haqqında danışılıb, milli rəqslərimizin Özbəkistanda təbliği barədə süjet nümayiş etdirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd