DÜNYA


Özbəkistan və Əfqanıstan hökumətinin rəsmiləri arasında görüş keçirilib

Daşkənd, 17 oktyabr, AZƏRTAC

Özbəkistanın Termez şəhərində Özbəkistan və Əfqanıstan hökumət nümayəndə heyətləri arasında işçi görüşü keçirilib.

AZƏRTAC Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Özbəkistan tərəfdən Baş nazirin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov, qonşu dövlət tərəfdən Əfqanıstan İslam Əmirliyi Müvəqqəti Hökuməti sədrinin müavini vəzifəsini icra edən Abdul Salam Hanafinin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edib.

Görüşdə hər iki ölkənin müxtəlif nazirlikləri arasında ticarət-iqtisadi, energetika, tranzit, beynəlxalq yükdaşımalar, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, həmçinin təhsil və humanitar sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Danışıqlarda Özbəkistanla Əfqanıstan arasında infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin “Surxan-Puli Xumri” elektrik xəttinin və “Məzari-Şərif – Kabil - Peşəvər” dəmir yolu layihəsinin tikintisi məsələləri diqqət mərkəzində olub.

Görüşün yekununda müzakirə olunan bir sıra məsələ ilə bağlı razılıq əldə edilib.

Sonda Əfqanıstan nümayəndə heyəti qonaqpərvərlik və səmərəli danışıqlara görə özbək tərəfinə minnətdarlığını bildirib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.