SİYASƏT
Özbəkistan vətəndaşı ermənilərin Kəlbəcərdə törətdiklərinin onu dəhşətə gətirdiyini deyib
Daşkənd, 3 dekabr, АZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bu ölkənin vətəndaşı, təqaüdçü Adaşali Muydinovun xahişi ilə onunla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə A.Muydinov Qarabağ müharibəsində böyük Qələbə münasibətilə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi, Azərbaycan xalqını və səfiri təbrik edib, dost ölkəmizə firavanlıq, sülh və əmin-amanlıq arzulayıb.
Səfir sentyabrın 27-də Ermənistanın təxribatına cavab olaraq başlayan müharibə haqqında məlumat verib, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl şəhər və rayonlarının işğaldan azad olunmasından danışıb, qədim Şuşa şəhərinin azad edilməsində Azərbaycan Ordusunun şücaətindən bəhs edib.
H.Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları birgə Bəyanat haqqında da məlumat verib, müharibənin Azərbaycanın böyük Qələbəsi ilə başa çatdığını bildirib.
Diplomat deyib ki, sənədə uyğun olaraq, artıq Ağdam, Kəlbəcər və Laçın rayonları öz sahibinə qaytarılıb.
A.Muydinov xəbərlər proqramlarında izlədiyi erməni vəhşilikləri ilə bağlı yazdığı məktubu səfirə təqdim edib.
Məktubda deyilir: “Bu günlərdə Qarabağda son məlumatlarla bağlı xəbərlər proqramı ilə tanış olarkən Kəlbəcərdə yandırılan evləri, meşələri gördüm. Oranı tərk edən bir erməninin qohumunun qəbrini qazması və “azərbaycanlılar gəlib bizim ölülərimizi ələ salacaqlar” deməsi məni dəhşətə gətirdi. Bundan sonra erməni xalqına bunları demək istəyirəm: Ayılın, insanlar, bu mənzərənin günah olduğunu başa düşün. Bütün insanlar Allah qarşısında bərabərdir. Dağıntılarla yox, qurub-yaratmaqla məşğul olun.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, azad edilən torpaqlarda milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları yaşaya biləcək. Bu sözlərə diqqət edin və özünüzə sual verin: Mənim ölkəmdə nə baş verir, mən kifayət qədər tolerantammı?”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd