MƏDƏNİYYƏT
Özbəkistanda Anım Günü ilə bağlı şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub VİDEO
Bakı, 28 sentyabr, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 27 Sentyabr –Anım Günü ilə bağlı böyük tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısındakı abidəsi önünə və Şəhidlər bağındakı abidə kompleksinə gül dəstələri düzüblər.
Tədbirdə Mədəniyyət Mərkəzinin foyesində iştirakçılara Anım Günü ilə bağlı "44 gün: qəhrəmanlıq, zəfər və azadlıq" adlı kitab və fotosərgi təqdim olunub.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, səfirliyin birinci katibi Samir Abbasov 44 günlük Vətən müharibəsi, torpaqlarımızın Ermənistan işğalından azad olunması, Azərbaycan əsgər və zabitlərinin yazdığı qəhrəmanlıq salnaməsi haqqında danışaraq, 27 sentyabrın xalqımız üçün həm kədərli, həm də qürurlu bir tarix olduğunu vurğulayıb. O, bu tarixin 30 ilə yaxın Ermənistan işğalı altında olan Vətən torpaqlarının azadlığına gedən yolun başlanğıcı olduğunu söyləyib.
Diplomat 44 günlük Vətən müharibəsində 3 minədək əsgər və zabitimizin şəhid olduğunu və bununla azadlıq və zəfər dastanı yazdıqlarını bildirib.
Samir Abbasov Ermənistanın bütün beynəlxalq prinsipləri pozaraq suveren Azərbaycan dövlətinin ərazisini işğal etdiyini, zəbt etdiyi ərazilərdə isə böyük vəhşiliklər törətdiyini qeyd edərək, zəbt olunmuş ərazilərdə bütün evlərin, infrastrukturun dağıdıldığını, tarixi və dini abidələrin məhv edildiyini söyləyib.
O, Ermənistanın işğaldan azad edilən torpaqlarımızda Azərbaycan tərəfinin apardığı quruculuq işləri, qaçqınların öz Vətənlərinə qayıtması, geniş infrastruktur layihələrinin reallaşdırılması işinə maneçilik yaratması və sülh müqaviləsini ləngitməyə çalışdığını qeyd edib.
Çıxış edən digər natiqlər - Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin rəhbəri Ruslan İmanzadə, alim Rano Kadırova, jurnalistlər Şərafəddin Tulaqanov, Xosiyat Rüstəm, Firuza Najmiddinova və başqaları Ermənistanın işğalçılıq siyasətinin regionda yaratdığı faciələr, humanitar fəlakət, Azərbaycanın 10 minlərlə şəhər və kəndlərinin yer üzündən silinməsi, tarixi abidələrin dağıdılması, ərazilərin minalanması, bir milyona yaxın azərbaycanlının 30 ilə yaxın qaçqınlıq həyatı yaşamasına Ermənistanın bir dövlət olaraq məsuliyyət daşıdığını və cavab verməli olduğunu bildiriblər.
Çıxış edənlər müharibə dövründə Ermənistan ordusunun Gəncə, Bərdə, Tərtər, Mingəçevir və digər yaşayış məskənlərini, mülki əhalisini böyük dağıdıcı raketlərlə atəşə tutmaqda, dinc əhalini qətlə yetirməkdə, beynəlxalq konvensiyalara zidd olaraq müharibə cinayətləri törətməkdə suçlayıblar.
Sonra iştirakçılara 44 günlük Vətən müharibəsinə aid Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan videomaterial nümayiş olunub.
Tədbirdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin tələbələri Azərbaycan şəhidlərinə həsr olunmuş şeir kompozisiyasını təqdim ediblər.