SİYASƏT


Özbəkistanda Anım Günü ilə əlaqədar tədbir keçirilib

Daşkənd, 28 sentyabr, АZƏRTAC

27 sentyabr - Anım Günü ilə əlaqədar Özbəkistanda da şəhidlərimiz hörmətlə yad olunub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ölkəmizin Özbəkistandakı səfirliyinin, Mədəniyyət Mərkəzinin əməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin (ÖADC) rəhbərliyi, bu ölkənin tanınmış elm, mədəniyyət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

Əvvəlcə Mədəniyyət Mərkəzinin həyətində şəhidlərin xatirəsinə salınmış bağ ziyarət olunub, buradakı şəhidlər abidə-kompleksinin önünə əklil və gül-çiçək dəstələri düzülüb.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələri “Şəhidlər ölməz, Vətən bölünməz” adlı şeir kompozisiyasını təqdim ediblər.

Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ÖADC-nin icraçı direktoru Erkin Nuriddinov sentyabrın 27-nin Azərbaycan tarixindəki rolundan danışıb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin hörmətlə anıldığını qeyd ediblər.

Səfir Azərbaycan xalqının erməni işğalçılarının 30 ilə yaxın davam edən təcavüzünə qarşı yumruq kimi birləşdiyini və buna cavab olaraq Vətən müharibəsi apardığını, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdiyini, Vətən torpaqlarının azad olunduğunu bildirib.

Diplomat torpaqlarımızın azad edilməsi uğrunda qəhrəman oğullarımızın rəşadəti haqqında məlumat verərək 44 günlük Vətən müharibəsində Qələbənin şəhidlərimizin qəhrəmanlığı və rəşadəti hesabına qazanıldığını bildirib.

Professor Erkin Nuriddinov 2020-ci ilin iyulundan etibarən Azərbaycana qarşı hücum və təxribatlarını daha da artıran Ermənistanın ötən il sentyabrın 27-də Azərbaycanın mülki əhalisini, eləcə də hərbi mövqelərini atəşə tutması, düşmənə cavab məqsədilə Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatlarına başladığını, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqların azad olunduğunu qeyd edərək Azərbaycan xalqının oğullarının qəhrəmanlığından danışıb.

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzi tərəfindən “Zəfərə aparan yol” adlı fotosərgi təqdim olunub.

Sərgidə Azərbaycan Prezidenti İlham Əliyevin “Zəfər tvitləri”, habelə torpaqlarımızın işğaldan azad edilməsi, erməni işğalçılarının torpaqlarımızda həyata keçirdiyi vandalizm öz əksini tapıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.