MƏDƏNİYYƏT


Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsi” keçiriləcək

Daşkənd, 2 noyabr, АZƏRTAC

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə noyabrın 8-dən 12-dək paytaxtda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsi” çərçivəsində silsilə tədbirlər keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsi”nin rəsmi açılış mərasimi Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində olacaq. İştirakçılar öncə Nizami Gəncəvinin universitetinin qarşısındakı abidəsi önünə çiçəklər qoyacaqlar.

Ali məktəbin foyesində “Qürurumuz - yüz illik Cümhuriyyətimiz” adlı foto, rəsm, kitab, əl işləri sərgisi, habelə milli mədəniyyətimizə dair suvenirlər, milli geyimlərimiz nümayiş etdiriləcək.

Universitetin akt zalında AMM-nin layihəsi ilə hazırlanan iki xalq arasında əbədi və tarixi dostluğa həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli film göstəriləcək.

Daha sonra Özbəkistanın tanınmış musiqiçilərinin iştirakı ilə qala konsert keçiriləcək. Konsertdə tanınmış özbək müğənniləri Azərbaycan musiqilərini ifa edəcək, milli rəqslərimiz təqdim olunacaq.

Noyabrın 9-da isə universitetdə “Hüseyn Cavid yaradıcılığı –dünya dramaturgiyasının zirvəsidir” adlı Beynəlxalq elmi konfrans keçiriləcək. Universitet, AMM və Azərbaycanın “Kaspi” qəzeti və Təhsil Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkə arasında ədəbi əlaqələr, Hüseyn Cavid yaradıcılığına dair onlarca məruzə dinləniləcək.

Qeyd edək ki, konfransın materialları artıq AMM tərəfindən özbək dilində Daşkənddə çap olunub.

“Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” çərçivəsində AMM-də bir sıra tədbirlər keçiriləcək.

Keçirilən tədbirlərin davamı olaraq Özbəkistanın çoxsaylı tarixi şəhərlərində lentə alınmış “Azərbaycan, Qarabağ, sülh üçün oxu” musiqi klipi nümayiş etdiriləcək. Klipdə iştirak etmiş peşəkar və həvəskar musiqiçilərlə görüş də keçiriləcək.

Noyabrın 10-da isə Azərbaycanın milli geyimlərindən ibarət dəb sərgisi təqdim olunacaq və tədbirdə geyimlərimizi Özbəkistanın Mədəniyyət və Sənət İnstitutunun gənc modelyer qızları nümayiş etdirəcək. AMM-nin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” rəqs ansamblının yeni hazırladığı və Bayraq Gününə həsr etdiyi “Bayraq” rəqs kompozisiyası, “Nəlbəki”, “Uzundərə” və digər milli rəqslərimiz ifa olunacaq.

“Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” çərçivəsində noyabrın 12-də Özbəkistanın bir sıra kitabxanalarına tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, ölkəmizin son illər əldə etdiyi nailiyyətlərə dair kitab kolleksiyaları, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında nəşrlər, Heydər Əliyev Fondu tərəfindən çap olunmuş kitablar hədiyyə olunacaq.

Özbəkistanın ən qədim kitabxanalarından olan və bu yaxınlarda 100 illik yubileyi geniş qeyd edilən “Turon” kitabxanası AMM arasında əməkdaşlığa dair Memorandum imzalanacaq.

Qeyd edək ki, keçirilən tədbirlər çərçivəsində AMM-nin təşəbbüsü ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin Daşkənddə özbək dilində çap olunan “İsgəndərnamə” əsərinin “İqbalnamə” və “Şərəfnamə” kitabları, habelə böyük şair və dramaturq Hüseyn Cavidin “Seçilmiş əsərlər” toplusu ictimaiyyətə təqdim ediləcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.