MƏDƏNİYYƏT
Özbəkistanda “Azərbaycan musiqisi günləri" çərçivəsində möhtəşəm konsert proqramı təqdim olunub











Bakı, 1 iyun, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Daşkənd və Səmərqənd şəhərlərində “Azərbaycan musiqisi günləri” keçirilir.
AZƏRTAC xəbər verir ki, Özbəkistan Dövlət Konservatoriyasında təşkil olunan tədbirdə dövlət və hökumət nümayəndələri, diplomatlar, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar və özbəklər iştirak ediblər.
Əvvəlcə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın zəngin mədəniyyəti, dünya sivilizasiyasına verdiyi töhfələr, milli musiqimiz, muğam sənətimiz haqqında məlumat verərək, Azərbaycan və özbək xalqlarının tarixi yaxınlığı, dövlətlərimiz arasında günü-gündən inkişaf edən münasibətlərdən danışıb.
Samir Abbasov Özbəkistanda “Azərbaycan musiqisi günləri”nin Azərbaycan mədəniyyətinin böyük hamisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edildiyini bildirib.
Özbəkistan-Azərbaycan Dostluq cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Özbəkistanla Azərbaycan arasındakı əlaqələrin inkişafındakı müstəsna xidmətləri barədə söz açaraq Ulu Öndərin anadan olmasının 100 illiyinin yalnız Azərbaycanda deyil, Türk dünyasının müxtəlif ölkələrində, o cümlədən Özbəkistanda da geniş qeyd olunduğunu diqqətə çatdırıb. Böyük insanların daim mədəniyyətə, incəsənətə qayğı göstərdiyini bildirən Erkin Nuriddinov məhz Heydər Əliyevin xidmətləri nəticəsində sovet dövründə Azərbaycan mədəniyyəti və ədəbiyyatının öz intibah dövrünü yaşadığını bildirib.
Daha sonra musiqi günləri çərçivəsində Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova "Can Azərbaycandan can Özbəkistana sevgilərlə" adlı konsert proqramı ilə çıxış edib. Azərbaycan və özbək mahnılarını ifa edən G.Məmmədova, eyni zamanda, xalq mahnılarımızı, muğamlarımızı səsləndirərək tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.
Konsertdə özbək estradasının ulduzu, əfsanəvi "Yalla" qrupunun solisti, Xalq artisti Fərrux Zakirov səhnəyə çıxaraq Gülyanaq Məmmədova ilə birgə duetdə Azərbaycan və özbək mahnılarını ifa edib. F.Zakirov "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnısını özünəməxsus tərzdə ifa edib. Özbəkistandakı tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev sazda milli oyun havalarımızı səsləndirib.
Böyük anşlaqla keçən konsert proqramında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs kollektivi milli rəqslərimizi təqdim edib.