MƏDƏNİYYƏT


Özbəkistanda Azərbaycanın musiqi alətlərinin sərgisinin təşkili ilə bağlı razılıq əldə edilib

Bakı, 30 iyun, AZƏRTAC

Özbəkistan Respublikasının Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimov Beynəlxalq Muğam Mərkəzini (BMM) ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nazir Aziz Abduhakimovu Səmərqənd Dövlət Universitetinin rektoru Rustam Xolmuradov və “Özbəkistan 24” dövlət televiziya kanalı müşayiət edib.

BMM-in direktoru, Xalq artisti Murad Hüseynov qonağa Azərbaycanın musiqi mədəniyyəti, muğam sənəti haqqında məlumat verib.

Bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunan Beynəlxalq Muğam Mərkəzinin açılışı 2008-ci ilin 27 dekabrında keçirilib. Qeyd edib ki, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan muğam sənəti, bu sənətin əsas alətləri – tar, kamança UNESCO-nun Qeyri Maddi-mədəni İrs Siyahısındadır. Bunun özü böyük uğurdur və muğamın təbliğində vacib rol oynayır. “Dünyanın elə bir qitəsi yoxdur ki, muğam ifaçılarımız orada çıxış etməsinlər. Heydər Əliyev Fondu dünyada musiqimizin təbliği ilə bağlı böyük layihələr həyata keçirir. Dünyanın məşhur musiqiçiləri ilə bizim musiqiçilərimiz arasında sıx əlaqə, dostluq münasibətləri yaranır. Beynəlxalq Muğam Mərkəzində də bu istiqamətdə müxtəlif layihələr reallaşır, elmi konfranslar, dəyirmi masalar, konsertlər keçirilir”, - deyə Murad Hüseynov bildirib.

Aziz Abduhakimov bu il Özbəkistanda təşkil edilən “Lazgi” festivalında BMM-in solistlərinin və “Qarabağ” muğam qrupunun uğurlu çıxışları ilə bağlı BMM rəhbərliyinə təşəkkür edərək, iki qardaş ölkə arasında muğam sənətinin geniş inkişafı üçün birgə tədqiqat işlərinin həyata keçirilməsi ilə bağlı təkliflərini bölüşüb. Qarşılıqlı sənət mübadiləsinin vacibliyini qeyd edib.

Görüş zamanı Özbəkistan Makam (muğam) İnstitutunda Azərbaycan milli musiqi alətləri- tar, kamança və qavalın daimi sərgilənməsi, eyni zamanda, Azərbaycanda və Özbəkistanda qarşılıqlı olaraq musiqi alətlərimizin sərgisinin təşkili ilə bağlı razılıq əldə edilib.

Sonra Beynəlxalq Muğam Mərkəzinin solistləri tarzən Rəşad İbrahimov və kamança ifaçısı Təbruz Usubovun müşayiəti ilə VIII Muğam Televiziya Müsabiqəsinin iştirakçıları Ülkər Abdullayeva və Fuad Əzizzadənin ifalarında konsert proqramı təqdim olunub. Gənc xanəndələr xalq mahnıları və təsnifləri, eləcə də muğamlardan parçalar səsləndiriblər.

Görüş zamanı, həmçinin Özbəkistanın “Özbəkistan 24” dövlət televiziya kanalı BMM fəaliyyətini əks etdirən süjet lentə alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.