MƏDƏNİYYƏT


Özbəkistanda “Nizami Gəncəvi İli” çərçivəsində xeyriyyə tədbiri keçirilib

Daşkənd, 12 aprel, АZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Nizami Gəncəvi İli” çərçivəsində xeyriyyə tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Daşkənddəki 21, 22, 23 və ölkənin Gülüstan şəhərindəki 30 nömrəli uşaq evlərinin 200-dən artıq şagird və müəllimi iştirak edib. Tədbirdə iştirak edən şagirdlər əsasən valideyn himayəsindən məhrum olmuş, habelə fiziki qüsurlu uşaqlardan ibarət olub.

Əvvəlcə iştirakçılar Azərbaycan tarixi muzeyinə baxıb, Mərkəzin foyesində dahi Nizami Gəncəviyə həsr olunmuş kitab və foto sərgiləri ilə tanış olublar. Sərgidə əsasən Nizami Gəncəvi şəxsiyyəti, şairin yaradıcılığı, hikmətli sözləri, habelə ölkəmizə dair maraqlı kitablar nümayiş etdirilib.

Daha sonra Mərkəzin konfrans zalında giriş sözü ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğundan danışıb, bu dostluğun möhkəmlənməsində, xalqlarımız arasında əlaqələrin inkişafında uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, uşaqların elm və biliklərə yiyələnmələrinin vacibliyini vurğulayıb, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə qayğısı, onların fəaliyyətinin yüksək səviyyədə qurulması istiqamətində gördüyü işlərdən danışıb. O “Nizami Gəncəvi İli” ilə əlaqədar keçirilən tədbirlər, Nizami Gəncəvini Azərbaycanın və türk dünyasının böyük şairi kimi xarakterizə edib.

30 nömrəli İnternat məktəbinin direktoru Pakizə Əhmədcanova Mədəniyyət Mərkəzinin təşəbbüsünü yüksək qiymətləndirib. O, Azərbaycanla dostluq əlaqələri haqqında danışaraq, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlərin olduğunu qeyd edib. P. Əhmədcanova tədbirin təşkilatçılarına fəxri diplomlar təqdim edib.

Daha sonra Nizami Gəncəviyə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbirdə Özbəkistanın tanınmış müğənniləri Azərbaycan və özbək dillərində musiqilər ifa edib, uşaq evlərinin musiqi kollektivləri özbək və dünya xalqlarının mahnı və rəqslərini, Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi təqdim ediblər.

Sonda uşaqlar nahar süfrəsinə dəvət olunub, onlar milli təamlara qonaq ediliblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.