DÜNYA
Özbəkistanda Novruz şənliyi dövlət səviyyəsində qeyd edilib
Daşkənd, 22 mart, AZƏRTAC
Daşkənddəki Əlişir Nəvai adına Milli parkda Şərq xalqlarının əziz bayramı olan Novruz dövlət səviyyəsində qeyd edilib.
Tədbirdə Özbəkistan Prezidenti İslam Kərimov, hökumətin və Senatın üzvləri, Ali Məclisin deputatları, səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, həmçinin səfirliyimizin əməkdaşları da qatılıblar.
İslam Kərimov iştirakçıları və Özbəkistanda yaşayan xalqları Novruz bayramı münasibəti ilə təbrik edib.
Dövlət başçısı deyib ki, min illərlə bundan əvvəl, Avesta dövründə yaranan Novruz ən qədim və milli bayramdır. Bu xalqın çox sevdiyi, ideloji və siyasi baxışlardan uzaq olan bir bayramdır. Şərq təqvimi ilə yeni ilin başlanğıcı olan bu bayram xalqlarımızın milli dəyərlərini, adət-ənənələrini özündə birləşdirən müqəddəs bir bayramdır.
İslam Kərimov Novruz bayramının türkdilli xalqların həyatında tutduğu yer haqqında ətraflı məlumat verib. Deyib ki, türkdilli xalqların Novruz adət-ənənələri üst-üstə düşür.
Tədbir Özbəkistanın incəsənət ustalarının Novruz şənliyi ilə başa çatıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd