MƏDƏNİYYƏT


Özbəkistanda arxeologiya üzrə keçirilən konfransda Azərbaycan alimləri də iştirak ediblər

Daşkənd, 20 sentyabr, АZƏRTAC

Özbəkistanın Qaraqalpaq Respublikasının mərkəzi Nukus şəhərində UNESCO-nun himayəsi ilə “Arxeologiya və turizm: potensialın müəyyənləşdirilməsi və milli irsin idarə olunması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Özbəkistandan başqa Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Fransa, Tacikistan, Böyük Britaniya, Niderland, İtaliya, Monqolustan və digər ölkələrin alimləri, arxeologiya üzrə mütəxəssislər, ekspertlər iştirak ediblər.

Ölkəmizi bu tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini Şahin Mustafayev, institutun şöbə müdiri, professor Fərda Əsədov, Bakı Dövlət Universitetinin dosenti Qənirə Pirquliyeva təmsil edib.

Konfransı Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov açaraq bildirib ki, belə bir konfransın Qaraqalpaqda keçirilməsi Mərkəzi Asiya ölkələri üçün əlamətdar hadisədir və tədbirdə regionun arxeologiya sahəsi, görülən işlər və qarşıda duran vəzifələr diqqət mərkəzində olacaq.

Şahin Mustafayev “Mərkəzi Asiya və Azərbaycanın ortaq geomədəni rəmzi olaraq İpək Yolu”, Fərda Əsədov isə “Tarixçilər və arxeologiya: qarşılıqlı münasibətlər” mövzularında məruzələr ediblər. Konfransın bölmələr üzrə keçirilən iclaslardan birinə Şahin Mustafayev moderatorluq edib. O, məruzəsində bildirib ki, müasir dövrdə müxtəlif ölkələrin öz geomədəni sahələrini tanıtmaq üçün müəyyən dəyərləri özlərinə bir simvol, rəmz olaraq seçdikləri və təbliğ etdikləri şəraitdə ümumi tarixi və etnomədəni irsə sahib olan Azərbaycan və Mərkəzi Asiya ölkələrinin İpək Yolu fenomeninə xüsusi diqqət yetirmələri zərurəti ön plana çıxır. Çünki İpək Yolu bu ölkələrin həm qədim və Orta əsrlər tarixinə təsir edən, həm də müasir dövrdə yeni kommunikasıya sistemini və bu ölkələrin beynəlxalq ticarət əlaqələrinin dünyaya inteqrasiyasını müəyyənləşdirən bir amildir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.