ELM VƏ TƏHSİL
Özbəkistanda çap edilmiş Azərbaycan ədəbiyyatı nümunələrinin təqdimatı olub
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun növbəti elmi şurasında AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycanın şair və yazıçılarının özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları özbək dilinə tərcümə edilərək çap olunan kitablardan ibarət sərgiyə baxıblar.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Q.Kəngərlinin Özbəkistanda yaşadığı illərdə Azərbaycanın, o cümlədən ədəbiyyatımızın təbliği istiqamətində böyük işlər gördüyünü deyib. Vurğulanıb ki, ədəbiyyat örnəklərimizin tərcümə edilərək Özbəkistanda yayılması olduqca əhəmiyyətlidir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük əmək sərf edən Q.Kəngərlinin zəhməti hesabına özbək dilində Azərbaycan ədiblərinin əsərlərindən ibarət 20 kitab işıq üzü görüb.
Diqqətə çatdırılıb ki, Q.Kəngərli 1990-cı il 20 Yanvar faciəsindən sonra “Şəhidlər”, ”Şəhidlər-2” bukletlərini hazırlayıb və çap etdirib. Onun 1991-ci ildə Azərbaycan və rus dillərində nəşr edilən “Qara yanvar şəhidləri” kitabı böyük populyarlıq qazanıb. Bundan sonra “Erməni lobbisi: Azərbaycan faciəsi”, “Qanlı şənbəyə gedən yol” kitabları çap olunub. Onun ssenarisi əsasında 1991-ci ildə 20 Yanvar faciəsindən bəhs edən “Bakıda insan ovu” sənədli filmi lentə alınıb. Özbəkistanda yaşadığı ilk günlərdən azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar materiallar yazan Q.Kəngərlinin ssenarisi ilə Daşkənddə “Sürgün” sənədli filmi ekranlaşdırılıb. Ölkəmizin siyasi, iqtisadi və mədəni həyatı haqqında Orta Asiya ölkələrinin mətbuatında müntəzəm çıxış edən Q.Kəngərli alim və tərcüməçi Babaxan Şəriflə birgə “20-ci əsr Azərbaycan poeziyası antologiyası” və ”Müasir Azərbaycan poeziyası antologiyası”nı çapa hazırlayıb.
Tədbirdə Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Ramiz Əskər, professor Məmməd Əliyev, AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamil çıxış edərək Q.Kəngərlinin Azərbaycan ədəbiyyatının təbliği istiqamətində fəaliyyətini yüksək dəyərləndiriblər. Diqqətə çatdırılıb ki, onun özbək dilində nəşr etdirdiyi kitablar Azərbaycanın tanınması baxımından müstəsna rol oynayır. Özbəkistanda Azərbaycan ədəbiyyatına sonsuz maraq olduğunu deyən alimlər bildirib ki, Q.Kəngərli bu sevgini bir qədər də artıran qələm sahiblərimizdəndir. O, həm də Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin möhkəmlənməsində körpü rolunu oynayır.
Göstərdiyi diqqət və qayğıya görə Ədəbiyyat İnstitutuna minnətdarlığını bildirən Q.Kəngərli vurğulayıb ki, yaxın vaxtlarda Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və digər ədiblərimizin kitabları da özbək dilində çap olunacaq. O, bu işlərin həyata keçirilməsində Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin də mühüm rol oynadığını söyləyib.