DÜNYA
Özbəkistanda keçiriləcək prezident seçkilərində Şavkat Mirziyoyevin namizədliyi təsdiq olunub
Daşkənd, 10 sentyabr, АZƏRTAC
Özbəkistan Liberal-Demokratik Partiyasının bu gün keçirilən X qurultayında dövlət başçısı Şavkat Mirziyoyevin ölkədə keçiriləcək prezident seçkilərində namizədliyi təsdiq olunub.
AZƏRTAC xəbər verir ki, Şavkat Mirziyoyev prezidentliyə namizəd kimi cəmiyyətin bütün sahələrini əhatə edən “Yeni Özbəkistanın strategiyası” adlı seçkiqabağı proqramını təqdim edib. Proqram siyasi, iqtisadi, sosial islahatlar, beynəlxalq həyat və digər sahələri əhatə edir.
Şavkat Mirziyoyev deyib ki, növbəti 5 il ərzində Özbəkistan iqtisadiyyatına 120 milyard dollar həcmində sərmayə cəlb olunması nəzərdə tutulur. Bunun 70 milyard dolları xarici sərmayənin payına düşür. Dövlət başçısı vurğulayıb ki, Özbəkistan İnkişaf Bankının yaradılması da qarşıdakı planlara daxildir.
Prezident Əfqanıstanda sülhün və sabitliyin bərpa olunması məsələsinə də toxunub: “Bundan başqa Əfqanıstandakı tərəfdaşlarımızla birgə biz Termez—Məzari Şərif-Kabil-Peşəvər dəmir yolu xəttini inşa edəcək, həmçinin energetika, sənaye və ticarət sahələrində layihələr həyata keçirəcəyik”.
Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri oktyabrın 24-də olacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd