CƏMİYYƏT
Özbəkistanda keçirilən beynəlxalq elmi konfransda 500-dən çox mütəxəssis iştirak edib
Bakı, 8 oktyabr, AZƏRTAC
Özbəkistanın Daşkənd şəhərində beynəlxalq elmi konfrans keçirilib. Tədbir Özbəkistan Səhiyyə Nazirliyi və Daşkənd Tibb Akademiyasının təşkilatçılığı ilə baş tutub.
Konfransda Azərbaycanı Milli Məclisin səhiyyə komitəsinin üzvü, Mərkəzi Gömrük Hospitalının Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi, tanınmış ürək cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov təmsil edib.
Bu barədə AZƏRTAC-a məlumat verən R.Mahmudov bildirib ki, beynəlxalq konfrans hazırda dünyada aktual olan, Dünya Səhiyyə Təşkilatının həyəcan təbili çaldığı beyin qan dövranı pozğunluqları və ürək xəstəlikləri ilə mübarizəyə dair gələcək yol xəritəsinin çəkilməsinə həsr olunub.
Həkim beynəlxalq tədbirdə Avropa, Uzaq Asiya, postsovet ölkələri, o cümlədən Azərbaycanın da yer aldığını bildirib: “Konfransda dünyanın bir sıra ölkəsindən olan 500-dən çox mütəxəssis iştirak edirdi. Biz ölkəmizi təmsil edərək elmi məruzələrlə çıxış etdik və bir sıra xəstəliklərlə mübarizə sahəsində həm öz təcrübəmizi, həm də dünya praktikalarını müzakirə etdik.
İki gün davam edən tədbirin sonunda Özbəkistan səhiyyəsinin adıgedən xəstəliklərlə mübarizəyə dair yol xəritəsinin hazırlanmasına 8 ölkə ilə yanaşı, ölkəmiz adından imza atdıq”.
R.Mahmudov hesab edir ki, bu cür beynəlxalq konfranslar səhiyyənin inkişafı üçün böyük əhəmiyyətə malikdir: “Belə konfranslar həmin xəstəliklərlə yeni mübarizə üsullarının təkmilləşdirilməsi və səhiyyənin inkişafı nəticəsində əhalinin sağlamlığının daha güvənli şəkildə qorunmasına yönəlib. Bu tədbirlər çərçivəsində həmin xəstəliklərlə mübarizə daha rahat və əlçatan olacaq. Tədbir zamanı ilk çıxış edən 4 ölkə arasında Azərbaycan da yer alıb. Bu cür mötəbər tədbirdə, məşhur mütəxəssislərlə yanaşı, mənim də məruzəmin dinlənilməsi həm ölkəmiz, həm də mənim üçün qürur verici haldır”.