MƏDƏNİYYƏT


Özbəkistanda mədəni irs həftəsi çərçivəsində silsilə tədbirlər keçirilir

Daşkənd, 24 avqust, АZƏRTAC

Özbəkistanın Daşkənd, Termez, Səmərqənd və Buxara şəhərlərində “Özbəkistan - yolların ayrıcı və sivilizasiya: imperiyalar, dinlər, mədəniyyətlər” adlı mədəni irs həftəsi çərçivəsində 15 tədbir keçirilir.

Tədbirlərdə dünyanın 40 ölkəsindən gələn 300-dan çox şərqşünas alim, ekspert, UNESCO-nun yüksək səviyyəli nümayəndələri iştirak edirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu direktorunun müavini, akademik Şahin Mustafayevin rəhbərliyi ilə ölkəmizdən gələn alimlər də nümayəndələr sırasındadır.

Həftə çərçivəsində Daşkənddə Özbəkistan mədəni irsinin qorunması, öyrənilməsi və populyarlaşdırılması üzrə Ümumdünya Cəmiyyətinin üçüncü Beynəlxalq Konqresi, “Kuşan xəzinəsi” və “Özbəkistanın nadir əlyazma abidələri” adlı sərgilər də təşkil olunub. Bu gün isə Termezdə “Özbəkistan - sivilizasiyanın kəsişdiyi məkan” adlı tədbir keçirilib.

Qonaqlar UNESCO-nun himayəsi altında Səmərqənddə keçiriləcək “Maddi və qeyri-maddi mədəni irsin qorunması: aktual problemlər və strategiyalar” adlı tədbirdə, həmçinin “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalının açılış mərasimində iştirak edəcəklər.

Mədəni irs həftəsi avqustun 27-dək davam edəcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.