CƏMİYYƏT
Özbəkistanda və Tacikistanda qalan 165 vətəndaşımız Azərbaycana yola salınıb
Daşkənd, 16 iyul, АZƏRTAC
Dünyada COVID-19 pandemiyasının güclənməsi və ölkələrimizin xüsusi karantin rejiminə keçməsi, sərhədlərin bağlanması, giriş-çıxışın məhdudlaşdırılması nəticəsində Özbəkistan və Tacikistanda qalan bir çox Azərbaycan vətəndaşının Vətənə qayıtması qeyri-mümkün olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev müntəzəm olaraq Özbəkistanda qalan vətəndaşlarımızın Azərbaycana qayıtması ilə bağlı ölkəmizin əlaqəli qurumlarının rəhbərləri ilə telefon danışığı aparıb.
Məhz bu danışıqların nəticəsi olaraq Azərbaycan hökuməti Özbəkistanda qalan vətəndaşlarımızın Bakıya aparılması üçün “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin təyyarəsini Daşkəndə göndərib və bu gün Daşkənddən 165 vətəndaşımız Bakıya aparılıb. Bunun 140 nəfəri Özbəkistanda, 25-i isəTacikistanda qalan vətəndaşlarımızdır. Bu gün Azərbaycanın Tacikistandakı səfirliyinin dəstəyi ilə 25 nəfər Tacikistan-Özbəkistan sərhədinə gətirilib, Daşkənddəki səfirliyimizin əməkdaşları isə onları aeroporta çatdırıb.
Vətəndaşlarımızdan biri Lətifə Rüstəmova AZƏRTAC-ın müxbirinə bildirib ki, qızımın yanına gəlmişdim, yollar bağlandı və burada qalmalı oldum. Evim üçün, Azərbaycan üçün çox darıxmışam, sevinirəm ki, Vətənə gedirəm. Sağ olsun buradakı səfirimiz bizim üçün təyyarə təşkil etdi.
Vətəndaşlarımızı hava limanından ölkəmizin Özbəkistandakı səfirliyinin müşaviri Arif Abbasov və bu qurumun əməkdaşları yola salıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd